2025-ci ilin yanvar-aprel aylarında Azərbaycandan Qazaxıstana qeyri-neft məhsullarının ixracı 34,6 milyon ABŞ dolları təşkil edib.
Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 18,1 milyon dollar və ya 2,1 dəfə artıb.
Hesabat dövründə Qazaxıstana qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 3,24%-ni təşkil edib. Bu göstərici ilə Qazaxıstan Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr arasında 6-cı yerdə qərarlaşıb.
Eyni zamanda, yanvar-aprel aylarında Azərbaycanla Qazaxıstan arasında ümumi ticarət dövriyyəsi 265,7 milyon ABŞ dolları olub. Bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 178,4 milyon dollar və ya 3 dəfə çoxdur. Ticarət dövriyyəsinin Azərbaycanın ümumi ticarətində payı 1,57% təşkil edib.
Dövr ərzində Azərbaycandan Qazaxıstana 34,8 milyon dollarlıq məhsul ixracı qeydə alınıb ki, bu da əvvəlki ilə nisbətən 17,9 milyon dollar və ya 2,1 dəfə çoxdur.
Bununla yanaşı, Qazaxıstandan Azərbaycana idxal əməliyyatları 230,9 milyon dollar olub və bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 160,6 milyon dollar və ya 3,3 dəfə artım deməkdir.
Ümumilikdə, 2025-ci ilin ilk 4 ayında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib. Bu göstərici 2024-cü ilin eyni dövrünə nisbətən 3,3 milyard dollar və ya 24,1% çoxdur.
Xarici ticarət dövriyyəsində ixrac 8,785 milyard, idxal isə 8,133 milyard dollar təşkil edib. İxracda 616,1 milyon dollar (7,5%), idxalda isə 2,7 milyard dollar (48,8%) artım müşahidə olunub.
Nəticədə, 651,792 milyon ABŞ dolları dəyərində müsbət ticarət saldosu yaranıb ki, bu da 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2,1 milyard dollar və ya 4,15 dəfə azalma deməkdir.
Fuad Mədətov
Finss.az