BİZNES

19 May

“Azəri-Çıraq-Dərinsulu Günəşli” yatağında yeni qaz hasilatı quyusunun qazma işləri başa çatıb

Finss.az - Qaz hasilatı bu ilin sonunadək planlaşdırılır.

“Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağında sərbəst təbii qaz hasilatı üçün nəzərdə tutulan quyunun qazma mərhələsi uğurla yekunlaşıb. Bu barədə “bp-Azərbaycan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, hazırda quyuda bitirmə işləri həyata keçiriləcək. “Bu proses bir qədər vaxt tələb edir. Paralel olaraq həmin quyudan hasil olunacaq qazın ‘Mərkəzi Azəri’ platformasına, oradan isə 28 düymlük sualtı qaz ixrac boru kəməri vasitəsilə Səngəçal terminalına ötürülməsi istiqamətində hazırlıq işləri görülür,” – deyə T. Bayatlı bildirib.

O əlavə edib ki, qazın mövcud ixrac sisteminə inteqrasiyası üçün bir sıra yeni texniki avadanlıqların tətbiqi nəzərdə tutulur: “Bu işlərin hər biri eyni zamanda və koordinasiyalı şəkildə aparılır.”

Tamam Bayatlının sözlərinə görə, bütün texniki işlər başa çatdıqdan sonra quyunun istismara verilməsi planlaşdırılır. “Artıq bütün işlər tamamlandıqdan sonra quyunun ağzı açılacaq və hasil olunacaq qaz Səngəçal terminalına ötürüləcək. Bu prosesin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur,” – deyə o vurğulayıb.