BİZNES

19 May

2025-ci ilin ilk 4 ayında ticarət gəlirləri açıqlanıb

Finss.az - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci ilin yanvar-aprel aylarında ölkədə pərakəndə ticarət və xidmət sektorunda əhəmiyyətli artımlar qeydə alınıb.

Bu dövrdə pərakəndə ticarət şəbəkəsindən əhaliyə ümumilikdə 18 408,9 milyon manatlıq məhsul satılmışdır. Eyni zamanda, xidmət subyektləri tərəfindən 4 502,3 milyon manatlıq ödənişli xidmətlər təqdim olunmuşdur.

2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 3,7 faiz artaraq ticarət sektorunun davamlı inkişafını göstərir. Xidmətlər sahəsində isə gəlirlər daha sürətli, yəni 9,6 faiz artmışdır ki, bu da iqtisadiyyatın xidmət sektorunun güclənməsini ifadə edir.

Ticarət şəbəkəsində ərzaq məhsulları, içkilər və tütün məmulatlarının satış həcmi 10 330,9 milyon manat təşkil etmişdir. Qeyri-ərzaq mallarının satış həcmi isə 8 078,0 milyon manat səviyyəsində olmuşdur. Bu rəqəmlər əhalinin istehlak tələbatının artdığını və ticarət şəbəkəsinin genişləndiyini təsdiqləyir.