BİZNES

15 May

Gəncədə sənaye istehsalı 150 milyon manata çatıb

Finss.az - Gəncə Şəhər Statistika İdarəsinin məlumatına görə, 2025-ci ilin yanvar-mart aylarında şəhərdə fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən ümumilikdə 150 milyon manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib.

Məhsul və xidmətlərin 20,3 faizi (30,5 milyon manat) dövlət, 79,7 faizi (119,5 milyon manat) isə qeyri-dövlət sektorunun payına düşür. Emal müəssisələri tərəfindən isə ümumi dəyəri 127,2 milyon manat olan məhsul və xidmətlər təqdim edilib ki, bunun da 93,5 faizi qeyri-dövlət sektoruna aiddir.

Hesabat dövründə Gəncədə 124 traktor, 6 MAZ yük avtomobili, 3561,3 ton emal olunmamış alüminium ərintisi, 3604 ədəd elektron və 111893 ədəd mexaniki su və qaz sayğacı istehsal olunub.

Bundan əlavə, elektrik enerjisi, qaz və buxar sektorunda 15,8 milyon manat, su təchizatı və tullantıların emalı sektorunda isə 6,5 milyon manatlıq məhsul və xidmət qeydə alınıb.