BİZNES

14 May

Brent markalı neftin qiyməti bir gün əvvəl sıçrayışdan sonra bir barel üçün 66,24 dollara düşüb

Neft qiymətləri əvvəlki sessiyada təxminən üç həftənin ən yüksək səviyyəsinə qalxdıqdan sonra çərşənbə günü səhər mülayim şəkildə enir.

Finss.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 8:13-ə 0,39 dollar (0,59%) ucuzlaşaraq 66,24 dollar/barelə bərabər olub. Çərşənbə axşamı bu müqavilələr 1,67 dollar (2,57%) artaraq 66,63 dollar/barelə çatıb.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyun ayı üçün WTI markalı neftin fyuçersləri 0,38 dollar (0,6%) ucuzlaşaraq 63,29 dollar/barelə bərabər olub. Əvvəlki sessiyanın yekunlarına əsasən, bu müqavilələrin dəyəri 1,72 dollar (2,78%) artaraq bir barel üçün 63,67 dollar olub.

Bu həftə neft bazarı üçün əsas müsbət amil ABŞ və Çinin idxal rüsumlarının 90 gün müddətinə qarşılıqlı azaldılması ilə bağlı razılığa gəlməsi xəbəri olub. Analitiklər ümid edirlər ki, bu müddət ərzində dünyanın iki ən böyük iqtisadiyyatı uzunmüddətli ticarət razılaşması əldə edə biləcək.