Finss.az - 2025-ci ilin 28 aprel tarixindən İsveçrə Konfederasiyasının Cenevrə şəhərində “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında" Bazel Konvensiyasına Tərəflərin 17-ci, “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm Konvensiyasına Tərəflərin 12-ci konfransı öz işinə başlayıb. Beynəlxalq səviyyədə xüsusi önəm verilən bu konfranslarda sözügedən konvensiyalara üzv dövlətlərin, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və bu sahədə fəaliyyət göstərən Avropa və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Azərbaycan Respublikasını beynəlxalq tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxsləri təmsil edib. Konfransda konvensiyaların üzv dövlətlərdə icrası ilə bağlı hüquqi, inzibati və idarəetmə məsələləri, milli qanunvericiliyin konvensiyaya uyğunluğu, təhlükəli tullantıların, davamlı üzvi çirkləndiricilərin və kimyəvi maddələrin siyahılarının dəqiqləşdirilməsi, məlumat mübadiləsinin aparılması üzrə mexanizmlərin tətbiqi, konvensiyalar üzrə ayrı-ayrı dövlətlərə texniki dəstəyin göstərilməsi kimi məsələlər müzakirə edilib. Konfransa Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyinin əməkdaşları da qatılıblar.
Eyni zamanda, konfransda “Davamlı üzvi çirkləndiricilər haqqında" Stokholm Konvensiyasına Tərəflərin 12-ci konfransında beynəlxalq konvensiyalar tərəfindən qadağan olunmuş kimyəvi maddələrin və pestisidlərin kənd təsərrüfatında tətbiqinin insan və heyvan sağlamlığında ciddi problemlərin yaranmasına, ətraf mühitin çirklənməsinə, ekoloji tarazlığın pozulmasına, məhsullarda qadağan olunmuş zəhərli kimyəvi maddələrin qalıq miqdarının yaranmasına və bunun da öz növbəsində ixrac olunan kənd təsərrüfatı məhsullarının həcminin azalmasına və digər fəsadlara yol açması ilə bağlı məsələlər üzrə çıxışlar dinlənilib və fikir mübadiləsi aparılıb.
"Yüksək Riskli, Unudulmuş Bazarlarda İnkişaf üçün Kapitalın Açılması: Ən Həssas Təbəqələr üçün Şəxsi Maliyyələşmənin Açılmasında Birləşmiş Millətlər Təşkilatının Kapitalın İnkişafı Fondunun (UNCDF) Unikal Rolu" mövzusunda UNCDF tərəfindən keçirilmiş Yüksək Səviyyəli Məsləhətləşmələr tədbirində müxtəlif ölkələrin ekologiya və kənd təsərrüfatı üzrə nazir və nazir müavinləri, o cümlədən ətraf mühit və qida təhlükəsizliyi sahəsində digər yüksək səviyyəli rəsmiləri iştirak edib. Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli davamlı üzvi çirkləndiricilərin və kimyəvi maddələrin bütün dünyada insan və heyvan sağlamlığına, eləcə də ətraf mühitə göstərdiyi mənfi təsirinin aradan qaldırılması ilə bağlı ölkəmizin təcrübəsinin az inkişaf etmiş ölkələrlə, xüsusilə Afrika və Asiya ölkələri ilə paylaşılmasına Azərbaycan tərəfinin hazır olduğunu və UNCDF tərəfindən ehtiyacı olan ölkələrə bu istiqamətdə maliyyə və digər əlaqədar dəstəyin göstərməsi ilə üçtərəfli əməkdaşlığın mümkünlüyünü vurğulayıb. Azad Cəfərli az inkişaf etmiş ölkələrin ötən ilin noyabrında Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasında yaradılmış imkanlardan istifadə edərək iştirak etdiklərini qeyd edib, gələcəkdə də Azərbaycanın kənd təsərrüfatı sahəsində əldə etdiyi uğurlu təcrübələrin ehtiyacı olan ölkələrlə paylaşmağa hazır olduğunu diqqətə çatdırıb.






Zemfira Ms
Finss.az