BİZNES

05 May

BP-Azerbaijan: 2025-ci ilin birinci rübündə Şahdənizdən 7 milyard kubmetr qaz hasil edilib

Finss.az - BP-Azerbaijan 2025-ci ilin yanvar-mart aylarında Şahdəniz qaz-kondensat yatağından 7 milyard kubmetr qaz hasil edib.

Şirkətin yaydığı rəsmi məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb.

Hesabat dövründə yataqdan həmçinin 8 milyon barrel kondensat hasil olunub ki, bu da illik müqayisədə 11,1% azalma deməkdir.

BP-nin məlumatında qeyd olunur ki, hazırda Şahdəniz yatağının gündəlik hasilat gücü 76,4 milyon kubmetr, illik isə təxminən 27,9 milyard kubmetr təşkil edir.

Bundan əlavə, “Şahdəniz” konsorsiumunun layihə üzrə birinci rüb xərcləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,1% artaraq 939 milyon dollara çatıb. Bu vəsaitin 726 milyon dolları istismar, 213 milyon dolları isə kapital xərcləri təşkil edir. Əsas xərclər yatağın 2-ci mərhələsinin inkişafına yönəldilib.

Cənubi Qafqaz Boru Kəməri (CQBK) vasitəsilə yanvar-mart aylarında gündəlik orta hesabla 60,8 milyon kubmetr qaz nəql olunub (ötən ilin eyni dövründə bu rəqəm 61,7 milyon kubmetr idi). CQBK üzrə istismar xərcləri 18 milyon dollar, kapital xərcləri isə 6 milyon dollar təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə BP-Azerbaijan Şahdənizdən 28 milyard kubmetr qaz (7,7% artım) və 35 milyon barrel kondensat hasil etmişdi.