BİZNES

02 May

Tural Hacılı: Azərbaycan xalçalarının böyük ixrac potensialı var

Finss.az - Azərbaycan xalçaları əsrlər boyu öz yüksək keyfiyyəti, unikal naxışları və zəngin tarixi ilə dünyada tanınıb.

Bu sənət nümunələrinin estetik və mədəni dəyəri, həmçinin əl işlərinin nadirliyi onların beynəlxalq bazarda böyük tələbat görməsinə səbəb olur.

AZƏRTAC xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda Beynəlxalq Xalça Festivalı çərçivəsində keçirilən "Xalçaçılıqda ənənələr və yeniliklər" mövzusunda beynəlxalq konfransda deyib. AZPROMO üçün xalçaların ixracı prioritet sahələrdən biri olduğunu vurğulayan icraçı direktor bildirib ki, Azərbaycan xalçalarının böyük ixrac potensialı var.

“Azərbaycan xalçaçılıq sənətinin nümunələri Nyu-York, London və digər beynəlxalq mədəniyyət mərkəzlərində keçirilən sərgi və tədbirlərdə uğurla təqdim olunub. Bu sərgilər ölkənin mədəni irsinin tanıdılması və xalçaların ixrac potensialının artırılması baxımından mühüm rol oynayır. Xalçaçılıq sənəti ölkənin sosial-iqtisadi həyatında önəmli rol oynayır. Xalçaçılıq qadınların işlə təmin olunmasında mühüm sahələrdən biridir", - deyə T.Hacılı əlavə edib.