BİZNES

02 May

Sumqayıt Kimya Sənaye Parkı məhsul istehsalını və ixracını artırıb

Finss.az - Cari ilin yanvar-mart ayları ərzində Sumqayıt Kimya Sənaye Parkında 659 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 251 milyon manatlıq hissəsi ixrac edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2 faiz, ixrac isə 17,2 faiz artıb.

Hesabat dövründə Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 13,5 faiz, ixracında isə 26,1 faiz təşkil edib.

Ümumilikdə indiyədək Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 14 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 5 milyard manatlıq hissəsi ixracın payına düşüb.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında investisiya portfeli 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən indiyədək sənaye parkına 5,5 milyard manatdan çox investisiya yatırılıb, 6,2 mindən çox daimi iş yeri yaradılıb.

Mövcud layihələr üzrə növbəti mərhələdə Sənaye Parkına əlavə olaraq 515 milyon manat investisiyanın yatırılması, 2,7 minə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur.

Bundan başqa cari ildə Sənaye Parkında daha bir neçə müəssisənin də fəaliyyətə başlaması planlaşdırılır. Fəaliyyətə başlayacaq müəssisələr alüminium təbəqəli vərəqə güzgü, inşaat materialların və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağız, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının və s. məhsulların istehsalı ilə məşğul olacaqlar.