Finss.az - 2025-ci ildə "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə yekun investisiya qərarının qəbuluna hazırlıq çərçivəsində, SOCAR yatağın ikinci mərhələsinin ilkin layihələndirilməsi (FEED - Front End Engineering Design) işlərinə başladığını açıqlayıb.
SOCAR-dan verilən açıqlamaya görə, layihə tərəfdaşları və əsas podratçılar arasında razılaşma əldə edildikdən sonra 2025-ci ilin sonuna qədər FEED mərhələsinin tamamlanması planlaşdırılır. Bu mərhələ başa çatdıqdan sonra isə yekun investisiya qərarı veriləcək.
İlk mərhələdə hasil edilən qaz Azərbaycanın daxili bazarının tələblərini ödəmək və eyni zamanda ixrac üçün yönləndiriləcək. Təxmini qiymətləndirmələrə görə, "Abşeron" yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton qaz kondensatından ibarətdir.
SOCAR-ın beynəlxalq tərəfdaşlarla bu layihədə iştirakı və qaz hasilatının uğurlu başlanması qlobal enerji bazarına müsbət təsir edəcək. Bu layihənin uğuru, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyinin təminatında mühüm rolunu daha da gücləndirəcək.
"Abşeron" yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakından təxminən 100 kilometr cənub-şərqdə yerləşir. Yatağın işlənməsinə rəhbərlik edən JOCAP (Joint Operating Company of Absheron Petroleum B.V.) şirkəti, 2023-cü ilin iyulunda yataqda ilk qaz hasilatına başlayıb.