BİZNES

30 Aprel

Əmlak qeydiyyatında aktivlik müşahidə olunur: Texniki pasport və ipoteka rəqəmləri artıb

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 85 708 mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb və çıxarışlarla təmin olunub.

Bu barədə Finss.az-a İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat verib.

Məlumata görə, qeydiyyata alınan mülkiyyət hüquqlarının 13 424-ü və ya 15,7%-i ilkin, 72 284-ü və ya 84,3%-i isə təkrar qeydiyyat formasında həyata keçirilib.

Ən çox çıxarış torpaq sahələrinə verilib

Qeydiyyat statistikası əmlak növləri üzrə aşağıdakı şəkildə formalaşıb:

  • Torpaq sahəsi: 49 386 vahid
  • Mənzil: 19 200
  • Fərdi yaşayış və bağ evləri: 14 224
  • Qeyri-yaşayış sahəsi: 1 991
  • Qeyri-yaşayış binası: 709
  • Əmlak kompleksi: 147
  • Çoxmərtəbəli yaşayış binası: 48
  • Çoxillik əkmələr: 3

Bu göstəricilər əmlak bazarında ənənəvi olaraq torpaq və yaşayış sahələrinə üstünlük verildiyini göstərir.

Paytaxt və bölgələr üzrə bölünmə

Qeydiyyata alınan əmlak hüquqlarının 20 746-sı Bakı şəhərinin, qalan 64 962-si isə regionların payına düşüb. Bu da regionlarda daşınmaz əmlak dövriyyəsinin yüksək dinamikasını nümayiş etdirir.

Texniki pasport və ipoteka qeydiyyatı da artıb

Hesabat dövründə:

  • 60 412 texniki pasport tərtib olunub,
  • 14 444 ipoteka müqaviləsi rəsmi qeydiyyata alınıb.

Bu göstəricilər daşınmaz əmlak bazarında hüquqi tənzimləmələrin və kreditləşmənin fəallığını əks etdirir.

Fuad Mədətov
Finss.az