BİZNES

30 Aprel

Elektron siqaret və tütün məhsulları bazarında çatışmazlıqlar müzakirə olunub

Finss.az - Tütün məmulatları sahəsində qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılıb, sözügedən bazarda mövcud problemlərin həlli istiqamətində rəy və təkliflər dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində tütün məmulatları, o cümlədən elektron siqaretlərlə bağlı istehlak bazarında mövcud olan problemlərin müzakirəsi və onların aradan qaldırılması məqsədilə maarifləndirici görüş keçirilib. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində təşkil olunan görüşdə sözügedən məhsulların idxalı və istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər.

Görüş zamanı tütün məmulatlarının üzərində istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların yerləşdirilməsi və məhsulun müvafiq keyfiyyət göstəricilərinə uyğunluğunu təsdiqləyən sənədlərlə müşayiət olunması barədə qanunvericiliyin tələbləri izah olunub. Həmçinin tütün məmulatlarının satış xüsusiyyətlərinə dair qaydalar iştirakçıların diqqətinə çatdırılıb. Bundan əlavə, reklam sahəsində qanunvericiliyin tələbləri barədə məlumat verilib və sahibkarların öz fəaliyyətlərini müvafiq qanunun müddəalarına uyğun təşkil etmələri tövsiyə olunub.

Görüş sözügedən bazarda mövcud olan çatışmazlıqlar və onların həlli yolları, istehlakçıların daha çox qarşılaşdığı problemlər barədə müzakirələrlə davam etdirilib.

Zemfira Ms
Finss.az