BİZNES

28 Aprel

Səbinə Cumazadə: Rəqabətqabiliyyətli məhsul istehsalı üçün milli standartlaşdırmanın təkmilləşdirilməsi əhəmiyyətlidir

Finss.az - Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı"nın əsas məqsədi milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, texniki tənzimləmə və dövlət nəzarəti sistemlərinin gücləndirilməsidir. Dövlət başçısının tapşırığı ilə bu proqramın icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən Dövlət Proqramında 2024-cü il üçün əsas icraçı qurumlar tərəfindən yerinə yetirilməsi nəzərdə tutulan tədbirlərin icra vəziyyətinin və hədəf göstəricilərinə uyğunluğunun müəyyənləşdirilməsi məqsədilə monitorinq prosesi həyata keçirilib, ilkin monitorinq hesabatı hazırlanaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdir müavini Səbinə Cumazadə bildirib ki, Azərbaycanın milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatlar ölkənin iqtisadi inkişafı və beynəlxalq bazara inteqrasiyasının əsas komponentlərindən biri olaraq mühüm əhəmiyyət kəsb edir. Bu islahatlar qlobal ticarət əlaqələrinin genişlənməsi, yerli məhsulların beynəlxalq bazarlara çıxış imkanlarının artırılması və istehlakçıların daha təhlükəsiz və keyfiyyətli məhsullarla təmin olunmasına yönəlib.

Dövlət Proqramının icrası çərçivəsində milli texniki reqlamentlərin hazırlanması, texniki tənzimləmə üzrə normativ-hüquqi bazanın gücləndirilməsi, müasir laboratoriya infrastrukturunun qurulması və texniki tənzimləmə sahəsində yeni standartların tətbiqi kimi mühüm tədbirlər həyata keçirilir. Bu addımlar Azərbaycanın beynəlxalq tələblərə uyğun iqtisadiyyatını gücləndirmək və yerli istehsalçıların rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır. Dövlət Proqramı çərçivəsində Avropa İttifaqının və Avrasiya İqtisadi Birliyinin tələblərinə uyğun texniki tənzimləmə sahəsində beynəlxalq standartların tətbiqi və uyğunluğun qiymətləndirilməsi üzrə genişmiqyaslı işlər görülür.

Bu islahatların əsas məqsədi daha rəqabətqabiliyyətli məhsullar istehsal etmək və həmin məhsulların beynəlxalq bazarlarda etibarlılığını artırmaqdır. Uyğunluğun qiymətləndirməsi prosesi vasitəsilə daxili və xarici bazarlarda məhsulların keyfiyyətinin artırılması təmin edilir. Rəqəmsal texnologiyalar və uyğunluğun avtomatlaşdırılmış qiymətləndirilməsi sistemlərinin tətbiqi ilə proseslərin şəffaf və operativ şəkildə həyata keçirilməsi mümkündür.

Səbinə Cumazadə vurğulayıb ki, gələcəkdə milli standartlaşdırma çərçivəsinin genişləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi və innovativ həllərin tətbiqi prioritetlər arasında yer alacaq. Bununla yanaşı, istehlakçıların hüquqlarının qorunması və sağlam rəqabət mühitinin yaradılması məqsədilə məhsul keyfiyyətinin artırılması da diqqət mərkəzində olacaq. Ümumilikdə, bu islahatlar Azərbaycanın beynəlxalq tələblərə uyğun inkişafını təmin etməklə yanaşı, yerli istehsalçıların beynəlxalq bazarda mövqeyini möhkəmləndirəcək, həmçinin istehlakçılara etibarlı və yüksək keyfiyyətli məhsullara çıxış imkanı yaradacaq.

Zemfira Ms
Finss.az