Özümə məxsus VÖEN-i bağlatdırmışam, ancaq 16.04.2025-ci il tarixdə mənə mesaj gəlib ki, 26.04.2025 tarixdə fəaliyyətiniz aktivləşəcək və həmin tarixdən etibarən vergi orqanlarına bəyannamə təqdim etmək öhdəliyiniz yaranacaqdır. Bu haqda ətraflı məlumat verməyinizi xahiş edirəm.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.
Fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı Dövlət Vergi Ximdətinin internet səhifəsindəki müvafiq bölməsindən əldə edə bilərsiniz.
Xidmətdən bildirilib ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.
Sorğuya cavab olaraq qeyd olunub ki, vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.
Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsini rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.
Əsas: Vergi Məcəlləsinin 16-cı, 149-cu maddələri
©vergiler.az