BİZNES

23 Aprel

İkitərəfli əlaqələrdə yeni səhifə: Çin və Azərbaycan vizasız rejimə keçdi

Finss.az - Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması münasibətlərin yeni mərhələyə keçməsinə zəmin yaradır. Səfər çərçivəsində hər iki dövlətin xarici işlər nazirləri tərəfindən Azərbaycanla Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi ilə bağlı saziş imzalanıb. Dövlət başçılarının birgə bəyanatında da qeyd olunub ki, tərəflər insanlar arasında mübadilənin daha da sadələşdirilməsinə kömək etməyə hazır olduqlarını bildirirlər, bütün sahələrdə əlaqələrin və əməkdaşlığın aktivləşdirilməsi üçün təkan olacaq ümumvətəndaş pasportuna malik şəxslər üçün vizaların qarşılıqlı ləğvi haqqında hökumətlərarası Sazişin razılaşdırılmasını və imzalanmasını alqışlayırlar.

Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru Lətif Zeynallı bildirib ki, vizasız səyahət imkanlarının yaradılması iki ölkə arasında qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşməsinə, eləcə də turizm, iqtisadi və mədəni əlaqələrin genişlənməsinə mühüm töhfə vermək məqsədi daşıyır. Hələ ötən il qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”yə əsasən, etibarlı ümumvətəndaş pasportuna malik Çin vətəndaşları üçün vizasız rejim tətbiq olunur. Bunun nəticəsində turizm sahəsində dinamika yüksəlib. 2024-cü ildə  ölkəmizə səfər edən Çin vətəndaşlarının sayı 2023-cü ilə nəzərən 1,93 dəfə artıb. 2025-ci ilin yanvar ayı isə turizm statistikası baxımından ümidverici göstəricilərlə yadda qalıb və ölkəmizə gələn xarici turistlərin ümumi sayında ötən ilin eyni dövrü ilə müqayisədə 4 faizlik artım qeydə alınıb. Yanvar ayında Şərqi Asiya ölkələrindən Azərbaycana gələn 2983 turistin 2603 nəfəri,  yəni 87,3 faizi Çin vətəndaşları olub. Diqqəti cəlb edən məqamlardan biri də odur ki, 2025-ci ilin yanvar ayında Azərbaycana səfər edən Çin turistlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 116 faiz artıb. Bu göstərici təkcə statistik rəqəm deyil, iki ölkə arasında böyüyən qarşılıqlı marağın real ifadəsidir.

Lətif Zeynalı vurğulayıb ki, 2020–2024-cü illər ərzində Çinə səfər edən Azərbaycan vətəndaşlarının sayında 2,2 dəfə artım müşahidə olunub. 2025-ci ilin yanvar ayında isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə Çinə səfər edən Azərbaycan vətəndaşlarının sayında 32,4 faiz artım qeydə alınıb. Qarşıdakı dövrdə Azərbaycan vətəndaşları üçün Çinə vizasız giriş rejiminin tətbiqi iki ölkə arasında turizm əlaqələrini daha da inkişaf etdirəcək. Bu təşəbbüs sayəsində Azərbaycan turistləri Çin iqtisadiyyatına valyuta axını təmin edəcək, müxtəlif sahələrdə alış-veriş edərək yerli bazarı canlandıracaq, şəxsi vəsaitlərini sərf etməklə daxili istehlakı artıracaq və eyni zamanda Çin xalqının zəngin mədəniyyəti və tarixi irsi ilə yaxından tanış olma imkanı əldə edəcəklər. Bu, təkcə diplomatik münasibətlərin deyil, xalqlar arasında dostluğun və mədəni yaxınlığın da inkişafına güclü impuls verəcək, əməkdaşlığın yeni mərhələyə keçməsinə zəmin yaradacaq.

Lətif Zeynalı əlavə edib ki, Azərbaycanla Çin  arasında olan bu dinamika ölkələrarası münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu və qarşılıqlı turizm potensialının sürətlə genişləndiyini nümayiş etdirir. Bu tərəfdaşlıq hər iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrində, xüsusən də turizm, ticarət və xidmət sektorlarında yeni imkanlar yaratmaqla yerli bazarların canlanmasına və iş imkanlarının artmasına töhfə verəcək. Qeyd olunan müsbət tendensiya Azərbaycanın dünya turizm xəritəsində artan cazibədarlığını bir daha təsdiq edir, ölkənin beynəlxalq turizm sahəsindəki mövqeyini gücləndirir.

Zemfira Ms
Finss.az