BİZNES

16 Aprel

BEA: Qlobal neftə tələbat proqnozu azaldılıb – 2026-cı ilə də ehtiyatlı yanaşma var

2025-ci ildə qlobal gündəlik neft tələbatının artım tempinin 730 min barel səviyyəsində olacağı gözlənilir.

Bu barədə Finss.az Beynəlxalq Enerji Agentliyinin (IEA) son hesabatına istinadla xəbər verir.

Agentliyin məlumatına əsasən, bu göstərici əvvəlki proqnozla müqayisədə 300 min barel azalıb. Belə ki, ticarət əlaqələrində müşahidə olunan gərginliklər və qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliklər nəticəsində tələbat proqnozu aşağı yönəldilib.

IEA eyni zamanda 2026-cı il üçün də gözləntilərini təqdim edib. Növbəti il üçün gündəlik neft tələbatının artımı 690 min barel səviyyəsində proqnozlaşdırılır.

Qurum bildirir ki, sürətlə dəyişən qlobal makroiqtisadi mühit fonunda proqnozlar üzrə risklər hələ də yüksək olaraq qalır. Xüsusilə inkişaf etmiş ölkələrdə iqtisadi yavaşlama və yaşıl enerji keçidinin sürətlənməsi, gələcək dövrlərdə neftə olan tələbatın dinamikasına birbaşa təsir göstərə bilər.

Ekspertlər qeyd edirlər ki, aşağı yönlü bu düzəlişlər, həm neft ixracatçısı ölkələr, həm də enerji bazarları üçün strateji qərarların yenidən nəzərdən keçirilməsini zəruri edir.

Fuad Mədətov
Finss.az