Finss.az - Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərüfatında süni intellektin tətbiqi” layihəsinə start verilib. Layihənin keçirilməsində məqsəd kənd təsərrüfatı sahəsində innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə süni intellektin tətbiqini təşviq etməkdir.
Layihəyə ölkə üzrə süni intellektin tədris olunduğu 10-a yaxın ali təhsil müəssisəsinin tələbələrinin və gənc tədqiqatçılarının iştirakı nəzərdə tutulur.
Layihənin dayanıqlı olması məqsədilə layihə iştirakçıları təsərrüfatlarla əməkdaşlıq edən ali təhsil müəssisələri tərəfindən müəyyən olunacaq.
Layihənin ilkin mərhələsi ali təhsil müəssisələrinin və innovativ təsərrüfatların seçilməsi, eləcə də kənd təsərrüfatının bitkiçilik, meyvəçilik, balıqçılıq, heyvandarlıq, bitki mühafizəsi və digər prioritet istiqamətləri üzrə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən süni intellektin tətbiqinə dair universitetlərdə vorkşopların, aqroparklar və iri təsərrüfatlara infoturların təşkili formasında həyata keçirilir.
Bu istiqamətdə ilk vorkşop 16 aprel tarixində Bakı Dövlət Universitetində keçiriləcək.
Layihə çərçivəsində baş tutacaq vorkşopda kənd təsərrüfatının bitkiçilik, meyvəçilik, balıqçılıq, heyvandarlıq sahələri üzrə aqrar sahədə fəaliyyət göstərən ölkənin aparıcı kənd təsərrüfatı şirkətlərinin və innovativ təsərrüfat rəhbərlərinin iştirakı ilə avtomatlaşdırılmış sistemlər və süni intellektin tətbiqi mövzusunda təqdimatlar olacaq, müvafiq istiqamətlər üzrə iştirakçılara ətraflı məlumat veriləcək.
Layihədə iştirakla bağlı əlavə məlumatlar ali təhsil müəssisələrində təşkil olunan vorkşoplar zamanı təqdim olunacaq.
Vorkşop mərhələsindən sonra seçilmiş iri aqropark və müəssisələrdə inforturların təşkili planlaşdırılır.
Layihə iştirakçılarının süni intellektin tətbiqi sahəsində əldə etdikləri nəzəri və praktiki bilgilər əsasında cari ilin 28-29 aprel tarixlərində Zəngilan rayonunun Ağalı kəndində “Bootcamp” təşkil ediləcək.
“Bootcamp”ın əsas məqsədlərindən biri işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün innovativ həllərə əsaslanan texnoloji yeniliklərin təşviqi, bu ərazilərdə yaşayan gənclərin aqrar innovasiyalar barəsində məlumatlılığının artırılması, aqrar sahədə fəaliyyət göstərən maraqlı tərəflər arasında təcrübə mübadiləsinin aparılması və qarşılıqlı faydalı işgüzar görüşlərin keçirilməsidir.
Layihə çərçivəsində ali təhsil müəssisələrindən ibarət komandalar tərəfindən təklif olunan ağıllı və innovativ həllər seçilmiş özəl təsərrüfatlarda tətbiq olunacaq.
Layihənin yekununda iştirakçılar tərəfindən təklif olunan və hazırlanmış ağıllı həllərin “18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı” Sərgisində nümayişi nəzərdə tutulur.

Zemfira Ms
Finss.az