BİZNES

14 Aprel

EIA: Bu il Azərbaycanda gündəlik neft hasilatı 620 min barel olacaq

ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda neft və digər maye karbohidrogenlərin hasilatı ilə bağlı yeni proqnozunu açıqlayıb.

Finss.az EIA-nın son aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2025-ci ildə ölkədə gündəlik neft hasilatının orta hesabla 620 min barel olacağı gözlənilir. Bu rəqəm əvvəlki proqnozla müqayisədə 10 min barel azdır.

EIA 2026-cı il üçün əvvəlki proqnozunu dəyişməyərək gündəlik 610 min barel hasilat səviyyəsini qoruyub saxlayıb. 2024-cü ildə isə gündəlik hasilatın 600 min barel olduğu bildirilir.

Son illərin statistikası ölkədə hasilatın tədricən azalmasını göstərir. Belə ki, 2023-cü ildə gündəlik hasilat 620 min barel olubsa, 2022-ci ildə bu göstərici 670 min barel, 2021-ci ildə isə 720 min barel səviyyəsində idi. Daha da geriyə baxsaq, 2020-ci ildə gündəlik hasilat 700 min, 2019-cu ildə isə 780 min barel təşkil edib.

Bu rəqəmlər Azərbaycanın neft hasilatında son illərdə müşahidə olunan azalma tendensiyasını bir daha təsdiqləyir. Azalan hasilat fonunda enerji bazarındakı dinamika və yeni texnologiyaların tətbiqi gələcək proqnozların reallaşmasına təsir göstərə bilər.

Fuad Mədətov
Finss.az