BİZNES

14 Aprel

Azərbaycanda ilk dəfə olaraq dibdərinləşdirən gəmi inşa edilib

Finss.az - Aprelin 11-də İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti “Bakı Gəmiqayırma Zavodu” MMC tərəfindən Azərbaycanda ilk dəfə inşa edilən “Mühəndis Soltan Kazımov” adına dənizdə dibdərinləşdirmə işləri həyata keçirəcək gəmi üzən tərsanə vasitəsilə suya salınıb.

Agentlikdən verilən məlumata görə, bu gəminin layihələndirilməsi işləri Niderlandın “Damen Shipyards Gorinchem B.V.” şirkətinin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib. Artıq gəminin inşası işləri yekunlaşıb. Bundan sonrakı mərhələdə isə Bakı Gəmiqayırma Zavodunun yanalma körpüsündə gəminin sınaq işləri görüləcək.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının sifarişi ilə hazırlanan dibdərinləşdirən gəminin ümumi uzunluğu 61,20 metr, gövdənin uzunluğu 49,30 metr, ümumi eni 10,50 metr, suya oturumu 1,65 metr və qazma dərinliyi 18 metr təşkil edir.

Qeyd edək ki, dənizdə dibdərinləşdirmə işləri həyata keçirəcək gəminin inşasının tam yekunlaşıb təhvil verilməsi cari ilin may ayına nəzərdə tutulub.