Fərdi qaydada fəaliyyət göstərən mühasib nə qədər vergi və sosial ödəniş ödəməlidir?
Finss.az xəbər verir ki, mövzunu "vergiler.az"a "Business Service Centre” şirkətinin maliyyə-mühasibatlıq işləri üzrə baş mütəxəssisi Mircəfər Rzazadə şərh edir.
Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, aşağıdakı fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır:
- proqram təminatının işlənməsi sahəsində xidmətlər;
- layihə-dizayn və dekorasiya xidmətləri;
- tərcümə xidməti;
- reklam xidməti;
- araşdırma və tədqiqat sahəsində fəaliyyət;
- elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər;
- hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri;
- jurnalistlərin fəaliyyəti;
- bazar konyukturunun öyrənilməsi;
- qiymətləndirmə fəaliyyəti;
- avtonəqliyyat vasitələri ilə yükdaşımalar istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti;
- turizm bələdçiliyi;
- xidmətlərin ixracı.
Göründüyü kimi, yuxarıda qeyd olunan fəaliyyət sahələrinin daxilində mühasibatlıq sahəsi də yer alıb. Bu da o deməkdir ki, fərdi qaydada fəaliyyət göstərən mühasibin illik gəliri 45.000 manatadək olduqda vergi ödəyicisi 75 faizlik vergi güzəştindən istifadə edə biləcək.
Misal 1: Mühasibatlıq xidməti göstərən fərdi sahibkarın 2025-ci ildə gəliri 38.000 manat, xərcləri isə 12.000 manat olub. Bu halda mühasibin gəlir vergisi aşağıdakı formada hesablanacaq:
Vergidən əvvəlki mənfəət = gəlirlər – xərclər:
38.000 – 12.000 = 26.000 manat;
Vergi Məcəlləsinə əsasən verilən 75 faizlik güzəşt:
26.000 x 75% = 19.500 manat;
Gəlir vergisi = (vergidən əvvəlki mənfəət – 75 faizlik güzəşt) * 20 % - (26.000 – 19.500) x 20 % = 1.300 manat.
Fərdi sahibkar olan mühasibin 2025-ci il üzrə gəlirləri 45.000 manatdan yuxarı olarsa, prosesin hansı formada tənzimlənəcəyinə baxaq.
Misal 2: Mühasibatlıq xidməti göstərən fərdi sahibkarın 2025-ci ildə gəliri 60.000 manat, xərcləri isə 25.000 manat olub. Göründüyü kimi, fərdi qaydada fəaliyyət göstərən mühasibin illik gəliri 45.000 manatı keçdiyinə görə, o, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən 75 faizlik güzəştdən istifadə edə bilməyəcək.
Gəlir vergisi - (60.000 – 25.000) x 20% = 7.000 manat
Bəs fərdi sahibkarın illik gəliri 45 000 manatı keçdikdə 75 faizlik vergi güzəştindən istifadə edə bilməyəcəkmi?
Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, 102.1.30-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Yəni, illik gəliri 45.000 manatı keçən mühasibatlıq xidmətləri göstərən fərdi sahibkarın il üzrə orta aylıq işçi sayı 3 nəfərdən az olmadıqda və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmadıqda, o, 75 faizlik vergi güzəştindən istifadə edə bilər.
Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.
Misal 3: Mühasibatlıq xidməti göstərən fərdi sahibkarın 2025-ci ilin hər ayı üzrə 3 işçi ilə aktiv əmək müqaviləsi olub. Məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri vaxtlı-vaxtında qanunvericiliyin tələblərinə uyğun olaraq icra edib. Qeyd olunan dövr üzrə gəlirləri 85.000 manat, xərcləri isə 49.000 manat təşkil edib. Bu halda, fərdi sahibkarın gəlir vergisini hesablayaq:
Vergidən əvvəlki mənfəət: 85.000 – 49.000 = 36.000 manat;
75 faizlik güzəşt tətbiq edilir: 36.000 – (36.000 x 75%) = 9.000 manat;
Gəlir vergisi: 9.000 x 20% = 1.800 manat.
Fərdi qaydada fəaliyyət göstərən mühasibin sosial ödənişlərinə gəlincə, bu hal da qanunvericiliklə tənzimlənir. "Sosial sığorta haqqında" Qanunun 14.5-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
Sahibkarlıq fəaliyyəti üzrə – 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:
• Bakı şəhərində 100 faizi;
• Sumqayıt və Gəncə şəhərlərində 90 faizi;
• digər şəhərlərdə 80 faizi;
• rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi;
• kənd yerlərində 50 faizi miqdarında.
Xatırladaq ki, hazırda Azırbaycanda minimum aylıq əməkhaqqı 400 manatdır.
Misal 4: Sumqayıt şəhərində fərdi qaydada fəaliyyət göstərən mühasibin 2025-ci ilin yanvar ayı üzrə sosial sığorta haqqı aşağıdakı qaydada hesablanır:
400 x 25% = 100 manat.
Sumqayıt şəhərində fəaliyyət göstərdiyinə görə, mühasib həmin məbləğin 90%-ni ödəməlidir:
100 x 90% = 90 manat.
Bundan əlavə, "İcbari tibbi sığorta haqqında" Qanunun 15-10.1.3-cü maddəsinə əsasən, fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq, fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta üzrə sığorta haqqı ödəyirlər:
400 x 4% = 16 manat.