Neft qiymətləri əvvəlki sessiyada dörd ilin minimumuna endikdən sonra çərşənbə günü səhər kəskin ucuzlaşıb.
Finss.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin qiyməti Moskva vaxtı ilə saat 8:09-a 2,6 dollar (4,14%) ucuzlaşaraq 60,22 dollar/barelə bərabər olub. Çərşənbə axşamı günü bu kontraktlar 1,39 dollar (2,16%) azalaraq 62,82 dollar/barel olub.
Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda may ayı üçün WTI markalı neftin fyuçersləri bu vaxta qədər 2,71 dollar (4,55%) ucuzlaşaraq 56,87 dollar/barelə düşüb. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 1,12 dollar (1,85%) azalaraq bir barel üçün 59,58 dollar təşkil edib.
İlin əvvəlindən neftin qiyməti təxminən 20% ucuzlaşıb.
Dünya bazarları, o cümlədən neft bazarı üçün əsas neqativ faktor ABŞ prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi idxal rüsumlarıdır. Bazar iştirakçıları bunun qlobal iqtisadiyyatı tənəzzülə sürükləyəcəyindən və yanacağa tələbatın azalmasına səbəb olacağından ehtiyat edirlər.