Çinin istehlak elektronikası istehsalçısı Xiaomi 2024-cü ilin dördüncü rübündə xalis mənfəətini 1,9 dəfə, gəlirini 1,5 dəfə artırıb.
Finss.az xəbər verir ki, oktyabr-dekabr aylarında xalis mənfəət keçən ilin eyni dövründəki 4,72 milyard yuanla müqayisədə 9 milyard yuan (1,25 milyard dollar) təşkil edib, şirkətin press-relizində deyilir. Visible Alpha-nın sorğusuna qatılan ekspertlər bu rəqəmin orta hesabla 5,25 milyard yuan olacağını proqnozlaşdırıblar.
Birdəfəlik amillər nəzərə alınmadan mənfəət 1,7 dəfə artaraq rekord həddə - 8,32 milyard yuana çatıb.
Xiaomi-nin rüblük gəliri bir il əvvəlki 73,24 milyard yuandan 109 milyard yuana yüksəlib. Bu rəqəm üçün analitik konsensus proqnozu 103,3 milyard yuan idi.
Xiaomi-nin dördüncü rübdə smartfon gəliri 16% artaraq 51,31 milyard yuana çatıb. Oktyabr-dekabr aylarında şirkət ümumilikdə 42,7 milyon smartfon satıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% çoxdur. Smartfonların orta satış qiyməti 10,1% artıb. Canalys analitik şirkətinin məlumatına görə, Xiaomi-nin materik Çində smartfon bazarındakı payı il ərzində 3 faiz bəndi artaraq 15,8%-ə çatıb.
Şirkətin Əşyaların İnterneti (IoT) və istehlakçı elektronikası seqmentində gəliri 51,7% artaraq 30,9 milyard yuana, internet xidmətlərindən əldə edilən gəlir isə 18,5% artaraq 9,3 milyard yuana çatıb.