BİZNES

14 Mart

BP Xəzərdə yeni neft yataqlarını araşdırır

Finss.az - BP Xəzərin Azərbaycan sektorunda yeni neft yataqlarının kəşfiyyatını planlaşdırır

Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yeni neft yataqlarının kəşfiyyatını planlaşdırır.

Bu barədə BP-nin kəşfiyyat və hasilat şöbəsinin rəhbəri Qordon Birrell “Reuters” agentliyinə bildirib.

"Biz Azərbaycanda hasilatın pay bölgüsü haqqında mövcud sazişlər çərçivəsində “Azəri-Çıraq-Günəşli” (ACG) və “Şahdəniz” yataqlarının bundan sonra da işlənməsindən başlayaraq aşkarlanılması planlaşdırılan resurslara və kəşfiyyat imkanlarına çıxışa qədər bir sıra maraqlı imkanları həyata keçiririk. Bu, hasilata investisiya qoyuluşu həyata keçirməyimiz üçün çox aktiv sahə olaraq qalır", - Q.Birrell vurğulayıb.

Qeyd etmək lazımdır ki, BP ötən ay elan etdiyi yenilənmiş strategiyası çərçivəsində neft və qaz biznesi xərclərini artırır, aşağı karbonlu bölmələri üzrə xərcləri isə azaldır.

Xəbər verildiyi kimi, BP 2024-cü il yanvarın 20-dən AÇG yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramına başlayıb. Tədqiqatın əhatə edəcəyi ərazi, aparılacaq işlərin ümumi dəyəri və müddəti baxımından bu layihə BP-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramıdır.

Bu proqram AÇG yatağının hazırkı məhsuldar layları olan “Balaxanı” və “Fasilə” dəstlərinin tədqiqinə yönəlib ki, bu da onların arxitekturası və maye kontaktının (fazalararası təmasın) dinamikası barədə ətraflı məlumat əldə etməyə imkan verəcək.