Finss.az - Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində "2-ci Məkkə Halal Forumu" keçirilir. Forum qlobal halal bazarın inkişafını dəstəkləmək və beynəlxalq əməkdaşlıqları gücləndirmək məqsədi ilə təşkil olunub.
Forumun sərgi hissəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının təşəbbüsü, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin tərəfdaşlığı ilə qurulan Azərbaycan pavilyonunda kənd təsərrüfatı, emal sənayesi, turizm və digər xidmət sektorlarını təmsil edən 15 stend fəaliyyət göstərir.
“Aqrar Tədarük və Təchizat” ASC ixraca yararlı yerli kənd təsərrüfatı və ərzaq məhsullarını dünyaya tanıtmaq, beynəlxalq təcrübələri öyrənərək yerli bazarda tətbiqini həyata keçirmək məqsədilə pavilyonda təmsil olunur.
“Aqrar Tədarük və Təchizat” ASC-nin stendi sərgini ziyarət edən distribütorlar, topdansatış şirkətlərinin nümayəndələri, biznes tərəfdaşları və sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır. Sərgi zamanı Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı ilə maraqlanan ziyarətçilərlə fikir mübadiləsi aparılır, məlumat xarakterli müxtəlif çap materialları təqdim edilir.
Qeyd edək ki, ilk dəfə 2024-cü ildə keçirilən, 70-dən çox ölkənin dövlət və özəl qurumların nümayəndələrinin bir araya gəldiyi Forum çərçivəsində dəyirmi masa və müzakirələr aparılır, B2B görüşlər keçirilir.





Zemfira Ms
Finss.az