Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirəcəyi "Startup School 3: Green and Digital Silk Road" layihəsi ilə bağlı müzakirə aparılıb.
ABŞ-nin Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” və Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilən layihənin yeni icra planı detallı şəkildə nəzərdən keçirilib.
“Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov "Startup School 3" layihəsinin əsas istiqamətləri, məqsədləri və planlaşdırılmış fəaliyyətlər barədə məlumat verib. “Özmən Sahibkarlıq Mərkəzi”nin direktoru Mehmet Serkan Tosun startapların qazana biləcəyi üstünlüklər haqqında fikirlərini bölüşüb. Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzinin baş elmi işçisi Nicat Mehdiyev isə layihənin icra müddəti, təlim sessiyalarının strukturu və iştirakçılar üçün yaradılacaq imkanlar haqqında danışıb.
Bildirilib ki, "Startup School 3: Green and Digital Silk Road" layihəsi yaşıl enerji və rəqəmsal texnologiyalar sahəsində innovativ ideyalara dəstək olmağı, gənc sahibkarların və startapların inkişafına töhfə verməyi hədəfləyir. Layihə çərçivəsində müxtəlif təlimlər, mentorluq sessiyaları, müsabiqə və investisiya imkanları təqdim olunacaq. Mentorlar layihənin regionda startap ekosisteminin inkişafına böyük töhfə verəcəyini və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcəyini vurğulayıblar.

Zemfira Ms
Finss.az