Qazaxıstanda ilk atom elektrik stansiyasının (AES) yeri Almatı vilayətinin Jambil rayonu üçün təsdiq edilib. Bu barədə respublikanın baş naziri Oljas Bektenovun imzaladığı hökumət qərarında deyilir.
Finss.az xəbər verir ki, qərar 2024-cü il dekabrın 30-da qəbul edilib və fevralın 25-də qüvvəyə minib.
2022-ci ildə Qazaxıstanın Energetika Nazirliyi AES-in 2035-ci ilə qədər tikintisinin planlaşdırıldığını açıqlayıb. Ölkə hakimiyyəti bunun üçün 11,2 milyard dollar ayıracaq. Tikinti üçün namizədlərin qısa siyahısına Rosatom dövlət korporasiyası, Cənubi Koreyanın KHNP, Çinin CNNC və Fransanın EDF şirkətləri daxildir. Astana gözləyir ki, AES-in tikintisi və istismarı beynəlxalq konsorsium tərəfindən həyata keçiriləcək və Qazaxıstan baş operator kimi çıxış edəcək.
Qazaxıstan hökumətinin saytı həmçinin xəbər verir ki, fevralın 25-də baş nazir Bektenov və Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak enerji, neft, qaz və infrastruktur sahələrində ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə ediblər.
Digər məsələlərlə yanaşı, onlar Kokşetau, Semey və Ust-Kamenoqorsk şəhərlərində istilik elektrik stansiyalarının tikintisi məsələlərini müzakirə ediblər.
Bundan əvvəl Qazaxıstan hakimiyyəti nüvə klasterinin yaradılmasına göstəriş vermişdi.