BİZNES

24 Fevral

"Xocalı" gəmisi Meksikaya 30 min ton kükürd daşıdı

Finss.az - "Azərbaycan Xəzər Dəniz Gəmişiliyi" QSC-nin (ASCO) "Handysize" tipli "Xocalı" quru yük gəmisi ABŞ-ın Kaliforniya ştatının Lonq-Biç limanından götürdüyü 30 min ton kükürd yükünü Meksikanın Santa Rosalia limanına uğurla çatdırıb.

ASCO-dan verilən məlumata görə, yük limanda boşaldıldıqdan sonra gəmiyə ballast suyu vurulub və gəmi növbəti yükünü götürmək üçün ABŞ-nin Portland limanına yönəlib.

Qeyd edək ki, "Xocalı" gəmisi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması və fəaliyyət coğrafiyasının genişləndirilməsi məqsədilə 2024-cü ilin mayında istismara verilib.

Məhdudiyyətsiz üzmə imkanlarına malik olan "Xocalı" gəmisinin dedveyti 38 593 tondur. Gəminin uzunluğu 180 metr, eni 30 metr, suya oturumu 10,47 metr, maksimum sürəti isə 15,7 uzeldir. Bu xüsusiyyətlər gəminin bir çox dayaz limanlara rahatlıqla daxil olmasına şərait yaradır.