BİZNES

24 Fevral

Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi artmaqda davam edir

Finss.az - Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq möhkəmlənməkdə davam edir.

Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı son rəqəmlərə əsasən, 2025-ci ilin yanvar ayında iki ölkə arasında ticarət dövriyyəsi 109 milyon ABŞ dollarını keçib.

Rəsmi məlumatlara görə, Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi cari ilin ilk ayında 2 milyard 8 milyon ABŞ dollarına çatıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39,3 faiz artım deməkdir.

Hesabat dövründə Gürcüstanın əsas ticarət tərəfdaşları sırasında ABŞ, Birləşmiş Krallıq və Rusiya ön pillələrdə qərarlaşıb. Azərbaycan isə 109 milyon dollar ticarət dövriyyəsi ilə altıncı yerdədir. Bu, iki ölkə arasında mövcud iqtisadi əlaqələrin dayanıqlılığını və qarşılıqlı ticarət əməkdaşlığının inkişaf tempini əks etdirir.

Qeyd edək ki, 2024-cü ildə Gürcüstanın xarici ticarət dövriyyəsi 23,4 milyard ABŞ dolları təşkil edib. Son illərdə Azərbaycan və Gürcüstan arasında iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərir.