BİZNES

03 Fevral

Meta, 2025-ci ildə yeni ağıllı eynəklər təqdim edəcək

Finss.az - ABŞ-n Meta şirkəti 2025-ci ildə virtual (VR) və artırılmış reallıq (AR) sahələrinə 20 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır.

Financial Times-ın məlumatına görə, bu məbləğ, şirkətin bu sahəyə olan ümumi yatırımlarını 80 milyard dollardan yuxarı qaldıracaq. Şirkət, 2024-cü ildə bu sahəyə 19,9 milyard dollar sərmayə qoymuşdu.

Meta, 2014-cü ildə Oculus virtual reallıq şləm istehsalçısını alaraq VR və AR sahəsində fəaliyyətə başlamışdı. Hazırda bu sahə Reality Labs adı ilə fəaliyyət göstərir. Reality Labs, "ağıllı" eynəklər və Quest VR şləmləri kimi məhsulların inkişafına davam edir. 2024-cü ildə Meta, 1 milyon Ray-Ban eynəyi və 30 milyon Quest VR şləm satıb.

Şirkət, 2025-ci ildə EssilorLuxottica ilə birgə yeni versiyada ağıllı eynəklər təqdim etməyi planlaşdırır. Bu eynəklər, daxilindəki kameralar, mikrofonlar və dinamiklərə əlavə olaraq, kiçik bir ekran da ehtiva edəcək.

Meta-nın Reality Labs-a qoyduğu sərmayələr hələ "heyrətamiz" olsa da, ekspertlər bu investisiyaların uzunmüddətli nəticələrini qiymətləndirir. İnvestor və "Metavers" kitabının müəllifi Metyu Boll, Meta-nın bu sahəyə ümumilikdə 85 milyard dollar sərmayə yatırdığını qeyd edib və şirkətin bu yatırımları ilə Apple-ın iOS əməliyyat sistemini əvəz etməyi hədəflədiyini vurğulayıb.

Meta-nın rəhbəri Mark Zukerberq, 2024-cü ilin yekunları ilə bağlı keçirilən konfransda, bu ilin həlledici olduğunu və şirkətin hədəflədiyi "ağıllı eynəklərin" növbəti böyük texnologiya platformasına çevrilə biləcəyini söyləyib.