Finss.az - Azərbaycan, Türkiyə və Özbəkistan arasında imzalanan Ankara Bəyannaməsi regional əməkdaşlıq, xüsusilə Orta Dəhliz və Zəngəzur Dəhlizi vasitəsilə ticarət və investisiya əlaqələrinin gücləndirilməsi istiqamətində mühüm mərhələdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova bildirib ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Çin, Mərkəzi Asiya, Qafqaz və Avropa arasında əsas ticarət yoludur. Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) hesabatlarına görə, hal-hazırda Orta Dəhliz Çin və Avropa arasında ticarətin təxminən 10%-ni təşkil edir. Bu rəqəmin 2030-cu ilə qədər 20-25%-ə çatacağı proqnozlaşdırılır. İnfrastrukturun inkişafı və alternativ ticarət marşrutlarına artan tələbat Orta Dəhliz vasitəsilə yük daşımalarını sürətləndirəcək və ənənəvi dəniz yollarından daha qısa və əlverişli alternativlər təqdim edəcək. Tədqiqatlar göstərir ki, bu dəhliz vasitəsilə tranzit müddətlərini 10-15 gün azaltmaq potensialı mövcuddur.
Azərbaycanın, Türkiyənin və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşündə əsas müzakirə mövzularından biri olan Zəngəzur Dəhlizi Azərbaycanla ölkənin digər iqtisadi rayonu olan Naxçıvan arasında olan təxminən 40 km uzunluğunda nəqliyyat marşrutudur və Orta Dəhlizin ən qısa keçid nöqtəsini təşkil edir. Türk dünyasının qapısı adlandırılan bu dəhlizin açılması Mərkəzi Asiyadan gələn malların Türkiyə və Avropaya sürətli və effektiv şəkildə çatdırılmasına imkan verəcək. İƏİT-in tədqiqatlarına görə, Zəngəzur Dəhlizi tam fəaliyyətə keçdikdən sonra bu dəhliz vasitəsilə illik 2 milyon ton yük daşınması gözlənilir ki, bu, Orta Dəhlizin tranzit imkanlarını daha da artıracaq.
TDAM rəhbəri vurğulayıb ki, Ankara Bəyannaməsi həm də Türk Dövlətləri Təşkilatının (TDT) iqtisadi əməkdaşlığını gücləndirməyi hədəfləyir. Hal-hazırda TDT ölkələri arasında ticarət dövriyyəsi ümumi ticarət həcminin 5-7%-ni təşkil edir, amma bu rəqəmin 2030-cu ilə qədər 15-20%-ə çatması proqnozlaşdırılır. Nəqliyyat əlaqələrinin yaxşılaşdırılması ilə regionlararası ticarət dövriyyəsində 10-15% artım gözlənilir. Ankara Bəyannaməsində üç ölkə enerji, rəqəmsal infrastruktur və nəqliyyat kimi sahələrdə birgə layihələrin həyata keçirilməsinə və investisiyaların artırılmasına hazır olduqlarını bəyan ediblər.
Nazirlərin üçtərəfli görüşündə müzakirə olunan Bakı-Tbilisi-Qars dəmir yolu və logistika mərkəzlərinin inkişafı kimi əsas layihələr Orta Dəhliz üzərində ticarət axınlarını sürətləndirəcək. Dünya Bankının hesablamalarına görə, bu istiqamətdə infrastruktur layihələrinə 2030-cu ilə qədər 10 milyard ABŞ dolları səviyyəsində investisiya qoyulacağı gözlənilir ki, bu da regionda iqtisadi artımı sürətləndirəcək və ticarət əlaqələrini daha da möhkəmləndirəcək.
Vüsalə Cəfərova əlavə edib ki, Ankara Bəyannaməsi Azərbaycan, Türkiyə və Özbəkistanı daha sıx iqtisadi və nəqliyyat əməkdaşlığına yönəldən razılaşma olmaqla Orta dəhliz və Zəngəzur dəhlizlərinin inkişafına dəstək verəcək. Dəhlizlər vasitəsilə tranzit daşımalarının artması ölkələrin TDT daxilində ticarət dövriyyəsini yüksəldəcək, daha sürətli və sərfəli nəqliyyat marşrutları təmin edəcək. Orta Dəhliz vasitəsilə Çin və Avropa arasındakı ticarətin artması TDT ölkələri arasında ticarət dövriyyəsinin 2025-ci ildə hədəflənən 100 mlrd. ABŞ dollarına çatdırılmasında həlledici əhəmiyyətə malikdir. Bu əməkdaşlıq Türk dövlətlərinin qlobal ticarət və nəqliyyat şəbəkələrindəki rolunu möhkəmləndirəcək və iqtisadi inteqrasiyasını sürətləndirəcək.
Zemfira Ms
Finss.az