Finss.az - Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər 2025” (GEP 2025) hesabatının yanvar buraxılışı dərc olunub. Hesabatda qlobal iqtisadiyyatın 2025-2026-cı illərdə 2.7% artım tempində sabitləşəcəyi proqnozlaşdırılır. Qeyd olunur ki, qlobal ÜDM-də inkişaf etməkdə olan ölkələrin payı 2000-ci ildən bəri 25%-dən 45%-ə yüksəlsə də, bu ölkələr hələ də yüksək borc səviyyələri və ticarət gərginlikləri kimi bir çox çətinliklərlə üzləşirlər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Lətif Zeynallı bildirib ki, “Qlobal İqtisadi Perspektivlər” hesabatı qlobal iqtisadiyyatın gələcək inkişafını və potensial risklərini qiymətləndirən mütəmadi hesabatdır. Bu hesabatda dünyadakı iqtisadi artım tempinə, inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdəki iqtisadi şəraitə, regional fərqliliklərə və qlobal iqtisadiyyata təsir göstərən müxtəlif amillərin təhlili aparılır. Hesabatda həmçinin, müxtəlif iqtisadi sahələrdə baş verə biləcək dəyişikliklərlə bağlı ölkələrə tövsiyələr verilir.
Lətif Zeynallı qeyd edir ki, “Qlobal İqtisadi Perspektivlər 2025” hesabatında inflyasiyanın hədəf səviyyələrinə yaxınlaşmasının və pul siyasətinin yumşaldılmasının qlobal artımı dəstəklədiyi vurğulanır. Bununla belə, inkişaf etməkdə olan ölkələrdəki iqtisadi qeyri-müəyyənlik və geosiyasi gərginliklər uzunmüddətli artım perspektivlərini zəiflədir. O cümlədən, hesabatda, aşağı gəlirli ölkələrin iqtisadi inkişaf tempinin yavaşlamasına baxmayaraq, struktur islahatları və investisiya qoyuluşlarının artırılması yolu ilə bu vəziyyətin yaxşılaşdırılmasının mümkün olduğu qeyd edilir. Bundan başqa, 2025 və 2026-cı illərdə əmtəə qiymətlərinin müvafiq olaraq 6 və 2 faiz aşağı düşəcəyi gözlənilir və bu da qiymətləri 2020-ci ildən bəri ən aşağı səviyyəyə gətirəcək. Buna baxmayaraq, əmtəə qiymətləri pandemiyadan əvvəlki səviyyələrlə müqayisədə hələ də yüksəkdir, bu isə bir çox əmtəə ixracatçısında iqtisadi fəaliyyəti dəstəkləyir.
İİTKM-in eksperti bildirir ki, hesabatda Brent markalı neftin bir barelinin qiymətinin 2025-ci ildə orta hesabla 72 ABŞ dolları, 2026-cı ildə isə 71 ABŞ dolları səviyyəsində olacağı gözlənilir. Bu tendensiya, əsasən, qeyri-OPEC+ ölkələrində neft hasilatının artması və qlobal neft tələbinin mülayim templərlə yüksəlməsi ilə əlaqələndirilir.
Bundan başqa, Cənubi Qafqazda 2025-ci ildə artımın 3.9 faiz, 2026-cı ildə isə 3.4 faiz olacağı ehtimal olunur.
Zemfira Ms
Finss.az