Finss.az - 2024-cü ildə ABŞ-da 7,325 pərakəndə mağaza bağlanıb.
Bu, 2020-ci ildə pandemiyanın başlanğıcından sonra ən yüksək göstərici olub. O dövrdə təxminən 10 min mağaza bağlanmışdı. Coresight Research-in məlumatlarına görə, bu il bağlanmaların daha da artacağı gözlənilir və sayın 15 minə çatması ehtimal olunur. Artıq 10 yanvar tarixinə qədər 1,925 mağaza bağlanacağı elan edilib. Bağlanmalarda önəmli yer tutan şirkətlər arasında Party City, Big Lots, Walgreens Boots Alliance, 7-Eleven və Macy's yer alır.
Böyük oyunçuların bazarda artan payı
Mağazaların bağlanmasının əsas səbəblərindən biri bazarda böyük oyunçuların artan payıdır. Amazon, Costco və Walmart kimi şirkətlər, daha sərfəli qiymətlərlə müştəriləri cəlb edərək kiçik pərakəndə şirkətləri sıxışdırır. Ayrıca, 2024-cü ildə pərakəndə satış sahəsində iflas edən şirkətlərin sayı 51-ə yüksəlib, bu da ötən ildən daha çoxdur.
Rəqabət və alış vərdişləri dəyişir
Coresight analitiki Con Mercer bildirib ki, mağazaların bağlanmasının əsas səbəbi tələbin azalması deyil, rəqabətin güclənməsidir. Alıcıların alış-veriş vərdişlərindəki dəyişikliklər də pərakəndə sektorda böyük təsirə malikdir. Onlar artıq ixtisaslaşmış məhsulları onlayn platformalardan, xüsusilə Shein və Temu kimi şirkətlərdən alır.
Yeni mağazaların sayı artıb
Bununla yanaşı, 2024-cü ildə ABŞ-da açılan mağazaların sayı da artıb. Coresight-ə görə, 2024-cü ildə 5,97 min mağaza açılıb, bu da 2012-ci ildən bəri ən yüksək göstəricidir. Ən çox mağaza açan şirkətlər arasında Dollar General, Dollar Tree, 7-Eleven, Oxxo və Five Below yer alır. 2025-ci ildə isə açılacaq mağazaların sayının təxminən 5,8 min olacağı proqnozlaşdırılır.