BİZNES

22 Yanvar

Azərbaycanda su və istilik elektrik enerjisi istehsalının həcmi açıqlanıb

Ötən il Azərbaycanda su ilə işləyən stansiyalar 2,9 milyard kVt-saat elektrik enerjisi istehsal edib.

Bu barədə Finss.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 72,6% çoxdur.

Hesabat dövründə istilik elektrik stansiyalarında isə 22,3 milyard kVt-saat elektrik enerjisi istehsal olunub ki, bu da 2023-cü ilə nisbətən 2,5 milyard kVt-saat və ya 10,3% azdır.

Eyni zamanda 2024-cü il ərzində ölkədə tulantıların yandırılmasından 201,6 milyon kVt-saat elektrik enerjisi istehsal olunub. Məlumata görə, bu, 2023-cü illə müqayisədə 5,6% çoxdur.

Qeyd edək ki, Azərbaycanda 2024-cü il ərzində 26,7 milyard kVt-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da bir il əvvələ nisbətən 8,7% azdır. Ümumilikdə isə ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2024-сü ildə 1321,4 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

Fuad Mədətov
Finss.az