BİZNES

21 Yanvar

SOCAR Karbamid zavodu: 2025-ci ildə 592 min ton istehsal gözlənilir

SOCAR Karbamid zavodunda 2025-ci il üçün istehsal həcmi 592 min ton səviyyəsində proqnozlaşdırılır.

Finss.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Məlumata görə, 2024-cü ildə zavod 652 339 ton karbamid istehsal edib. Hazırda zavodun anbarlarında 74 506,590 ton karbamid saxlanılır ki, bunun 50 760,530 tonu açıq, 23 746,060 tonu isə qablaşdırılmış formada təqdim edilir. Zavodun fəaliyyətə başladığı dövrdən bu yana ümumilikdə 2 288 990 ton karbamid istehsal edilib.

SOCAR Karbamid zavodu Azərbaycanın daxili karbamid tələbatını tam şəkildə ödəyir. 2011-ci ildə təməli qoyulan zavodun rəsmi açılışı 16 yanvar 2019-cu ildə baş tutub. Zavod Sumqayıt şəhərində yerləşir və onun layihələndirilməsi, tikintisi dünya səviyyəli texnologiya şirkətləri tərəfindən həyata keçirilib:

  • Ammonyak istehsalı üçün Danimarkanın “Haldor Topsoe” texnologiyası
  • Karbamid istehsalı üçün Niderlandın “Stamicarbon B.V” texnologiyası
  • Tikinti işləri Cənubi Koreyanın “Samsung Engineering” şirkəti tərəfindən aparılıb.
  • Layihənin idarə edilməsi və təftişi üzrə Finlandiyanın “Neste Engineering Solutions” şirkəti məsləhət xidmətləri göstərib.

Tikinti işlərinin pik dövründə 3600-dən çox işçi cəlb olunub və 18 milyon adam-saat iş qəzasız həyata keçirilib.

Maliyyələşdirmə

Layihə ilkin olaraq dövlət büdcəsindən maliyyələşdirilib. Daha sonra aşağıdakı banklardan dövlət zəmanəti ilə kreditlər cəlb edilib:

  • Cənubi Koreyanın İxrac-idxal Bankı (KEXIM)
  • Societe Generale (Fransa)
  • Deutsche Bank (Almaniya)
  • UniCredit (Avstriya)

Layihə çərçivəsində 500 milyon avro kredit alınmış, SOCAR isə əlavə olaraq təxminən 100 milyon avro məbləğində vəsait ayırmışdır.

SOCAR Karbamid zavodu qeyri-neft sektorunda ölkənin ən böyük layihələrindən biri olaraq ölkə iqtisadiyyatına mühüm töhfə verir.

Fuad Mədətov
Finss.az