BİZNES

21 Yanvar

Ağdam Sənaye Parkının rezidenti “Bafco Invest” MMC-nin hədəfi Avropa bazarına çıxmaqdır

Finss.az - Hər keçən gün Qarabağ öz tarixi ənənələrinə bir az da yaxınlaşır. Sahibkarların yeni yaradılmış və rezident sayına görə ölkənin ikinci böyük sənaye parkı olan Ağdam Sənaye Parkına böyük maraq göstərməsi də bunu deməyə əsas verir. 30 ilə yaxın Ermənistan hərbi birləşmələrinin işğalında qalan, azad edilərkən müqayisəyəgəlməz dağıntılarla təhvil aldığımız Ağdam rayonu sürətlə milli iqtisadiyyatımızın əsas hərəkətverici qüvvəsinə çevrilir.

Gələcəkdə qonşu rayonların da əsas iqtisadi mərkəzi olacaq bu şəhərdə yaradılan sənaye parkı qısa müddətdə iş adamlarının diqqətini çəkdi. Bölgədə infrastruktur layihələri ilə birgə sənaye parklarının yaradılmasına start verildi və artıq Ağdam Sənaye Parkının 65 faizdən çox hissəsində sahibkarlar tərəfindən məskunlaşma qeydə alınıb. 190 hektar ərazini əhatə edən parkda hazırda 10 müəssisənin tikntisi davam edir. İndiyədək parka 97 milyon manata yaxın investisiya yatırılsa da, yaxın zamanda bu rəqəmin 271 milyona yüksələcəyi proqnozlaşdırılır. Məhz yatırılan investisiya hesabına parkda 380 nəfəri daimi işlə təmin etmək mümkün olub.

Son rəqəmlərə görə, artıq 33 rezident parkda status alıb və 9 müəssisə məhsul istehsalına başlayıb. Ağdam Sənaye Parkında fəaliyyət göstərən 2 müəssisə xüsusilə fərqlənir, çünki həmin müəssisələr daxili bazarla yanaşı, ixrac da həyata keçirir. Onlar mövcud vəziyyətlə kifayətlənməyərək yeni bazarları da nəzərdən keçirirlər. Söhbət divar kağızları istehsal edən “Mister Decor” və xüsusi ayaqqabılar hazırlayan “Bafco Invest”dən gedir.

Ağdamdan xaricə mal satan ikinci zavod “Bafco” oldu

“Bafco Invest” MMC 2023-cü ilin əvvəlində Ağdam Sənaye Parkının rezidenti statusunu alıb. Qısa müddətdə tikilib ərsəyə gətirilən fabrikin 2,5 hektar ərazisi var. Burada müxtəlif sahələrdə istifadəyə uyğun xüsusi ucluqlu və altlıqlı qoruyucu işçi ayaqqabıları və poliuretan çəkmələr istehsal edilir. İstehsal prosesi və keyfiyyətə nəzarət etmək üçün, xarici mütəxəssislərlə yanaşı, yerli peşəkarların da əməyindən istifadə olunur. Bu isə özlüyündə keyfiyyət və etibarlılıq baxımından yüksək tələblərə cavab verən məhsulların ortaya çıxmasını şərtləndirir. İstehsaldan söz düşmüşkən, fabrikdə il ərzində yarım milyon cüt ayaqqabını hazırlamaq üçün Almaniyanın öndə gedən “Desma” şirkətindən avadanlıqlar alınıb. Zavodun marketinq və PR üzrə meneceri Aynurə Həsənovanın sözlərinə görə, müəssisənin hazırkı infrastrukturu 510 min cüt ayaqqabı istehsal etməyə imkan verir ki, bu da yerli tələbatın ödənilməsi ilə yanaşı, xaricə mal satılması üçün geniş imkanlar yaradır.

İstehsal edilən məhsullara Avropada da alıcı axtarılır

“Bafco” istehsal etdiyi xüsusi təyinatlı ayaqqabılarını Rusiya, Qazaxıstan, Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərinin bazarlarına çıxarır. Ancaq şirkət bununla kifayətlənmək niyyətində deyil. A.Həsənova vurğulayır ki, şirkət ixracı şaxələndirməyi planlaşdırır və məhsullarla daha geniş bazarlarda təmsil olunmaq niyyəti var. Bu baxımdan, əsas prioritet Avropa bazarı hesab olunur ki, artıq bunun üçün lazım olan EN ISO 20345:2022 və EN ISO 20347:2022 standartlarına uyğunluq sertifikatları əldə edilib. Həmin sertifikatlar məhsulları birbaşa Avropa bazarına çıxarmağa imkan verir. Digər tərəfdən, bu sertifikatların olması iri beynəlxalq korporasiyalarla əməkdaşlıq üçün də yeni qapılar açır. Bir sözlə, şirkət keyfiyyət, innovasiya və dayanıqlılıq prinsiplərini öncəlik hesab edərək, Qarabağda istehsal edilən məhsulları dünya səviyyəsində tanınan bir brendə çevirməyi hədəfləyir. Sözsüz ki, bu, yerli istehsalı nəzərəçarpacaq dərəcədə sürətləndirəcək və nəticə etibarilə qazanan ilk növbədə yenicə dirçələn bölgə və yekunda milli iqtisadiyyatımız olacaq.

Şirkət işçi sayını artırmağı nəzərdən keçirir

Hazırda “Bafco” həm yerli, həm də beynəlxalq şirkətlərlə əməkdaşlıq perspektivlərini müzakirə edir. A.Həsənova vurğulayır ki, sorğular və bazar araşdırmalarına əsaslanaraq, müəssisə 2 mühüm priroritet müəyyənləşdirib. Bunlar istehsalın genişləndirilməsi üçün yeni avadanlıqların alınması və işçi qüvvəsinin sayının artırılmasıdır. Bu da o anlama gəlir ki, hazırda 65 nəfərin çalışdığı fabrikdə daha çox işçi görəcəyik. Təbii ki, yeni iş yerlərinin yaranması istehsal xəttinin genişləndirilməsi ilə mümkün olacaq və bu da əsas hədəflər sırasındadır.

Məhsullar unikallığı ilə fərqlənir

“Bafco”nun “Made in Azerbaijan” brendi adı altında istehsal etdiyi ayaqqabılar sənaye və tikinti müəssisələri, dəmir yolları, istehsalat, kənd təsərrüfatı və digər sahələrdə çalışan işçilərin rahatlığı və təhlükəsizliyinə hesablanıb. A.Həsənova deyir ki, satışa təqdim edilən uzunboğaz çəkmələr yüksək keyfiyyətli poliuretandan hazırlanır və tamamilə suyadavamlıdır, üstəlik, aşınmaya, çoxsaylı qatlanmaya dözümlü teksturaya da malikdir. Çəkmələr soyuq və isti keçirmir, antibakterial xüsusiyyətlərə malikdir və sərt iş şəraitində yüksək davamlılığı təmin edir. Bu məhsul sırf kənd təsərrüfatı, qida sənayesi və digər sənaye sektorlarında istifadə üçün nəzərdə tutulub.

Yarımboğaz çəkmələrə gəlincə, bu məhsulun üst hissəsi təbii dəridən, alt hissəsi isə ikiqat poliuretandan hazırlanır. Müəyyən ayaqqabı modelləri ağır şəraitli işlər üçün nəzərdə tutulduğundan, xüsusi polad ucluq və polad altlıqlarla təchiz olunub ki, bu da ayağı müxtəlif zərbə və zədələrdən qoruyur. Ayaqqabılar aşınma, sürtünmə, deşilmə, bakteriyalar, benzin, yağ və digər xoşagəlməz təsirlərə də davamlılığı ilə seçilir. Altlıqlar inyeksiya üsulu ilə birləşdirildiyi üçün ən yüksək təhlükəsizlik və etibarlılıq tələblərinə cavab verir. Bu da çətin şəraitdə işləyən şəxslərin maksimum təhlükəsizliyini təmin edir.

Xammal Almaniyadan alınır

Ayaqqabı altlıqları üçün istifadə olunan poliuretan Almaniyanın “BASF” şirkətindən sifariş olunur. Həm poliuretan, həm də termoplastik poliuretan məhsulların dayanıqlığının təmin etməklə yanaşı, yüksək amortizasiya imkanı da verir.

Müştərilərə 4 növdə ayaqqabı təklif edilir

“Bafco” 4 fərqli növdə - müxtəlif təhlükəsizlik sinfinə aid olan “Defender”, “Fortress”, “Guardian” və “Zentra” modellərində ayaqqabılarla bazara çıxıb.

“Defender” yarımboğaz ayaqqabıları S1 və S1P təhülkəsizlik standartları ilə 2 növdə alıcılara təqdim edilir. Bu ayaqqabılar tikinti, istehsal və logistika sahəsində çalışanlar üçün ideal hesab olunur. S1 standartına malik ayaqqabılar polad burunludur, sürüşməyən altlıq və amortizasiya texnologiyası ilə təchiz edilib ki, bu da günboyu təhlükəsizliklə yanaşı, işçiyə rahatlıq da verir. Üstünlüklər bununla bitmir. Təbii dəridən olan möhkəm üst hissə ayaqqabının uzunömürlülüyünü təmin edir, nəfəs alan astar isə ayaqları quru və sərin saxlayır. S1P standartlı buraxılış isə daha çox təhlükəli şəraitdə işləyənlərin ayaqlarını hərtərəfli qorumağa hesablanıb. Polad burun zərbələrdən və sıxılmadan qoruyur, deşilməyə davamlı altlıq isə iti əşyalardan zədələnmənin qarşısını alır. Nəfəs alan materiallar və erqonomik dizayn bu ayaqqabıları uzun müddət istifadə etməyə imkan verir.

“Fortress” ayaqqabıları isə “Defender”lə müqayisədə nisbətən uzunboğazlıdır və S2/S3 təhlükəsizlik sinfinə aid olmaqla 2 növdə istehsal edilir. Bu ayaqqabılar daha çox payız-qış mövsümünün malıdır. S2 təhlükəsizlik standartına uyğun hazırlanan məhsul polad burun və sürüşməyən altlıqla təchiz olunub ki, bu da ayaqları zərbələrdən və sıxılmadan daha yaxşı qoruma imkanı verir. Üst hissə təbii dəridir və suya davamlıdır. Bir üst model S3 buraxılışda isə təhlükəsizlik və rahatlıq eyni səviyyədə təmin olunub. Polad burun və deşilməyə qarşı qoruyucu altlıq zərbələrdən qoruduğu halda, sürüşməyən altlıq hər cür səthdə sabitliyi təmin edir.

“Guardian” ayaqqabıları da yarımboğazdır. S2 və S3 təhlükəsizlik parametrlərinə cavab verən model funksionallığı, erqonomik və müasir dizaynı ilə diqqət çəkir. Bu ayaqqabılar EN ISO 20345 sertifikatının standartlarına cavab verir və maksimal iş təhlükəsizliyi üçün polad burun və sürüşməyən altlıqla təchiz olunub. Bu məhsulu unikal edən digər məqam isə onun yüksək keyfiyyətli materiallardan hazırlanmasıdır. S3 təhlükəsizlik standartına cavab verən ayaqqabılar da suya davamlıdır, deşilmir, bir sözlə, təhlükəli materiallardan maksimal qorunma təmin edir.

“Zentra” modeli isə uzunboğaz poliuretan çəkmədir və 3 fərqli rəngdə alıcılara təqdim edilir. “Zentra 04” modelinin suya və yağlara davamlı teksturası var. Altı ikiqatlıdır, zərbə təsirini azaltma gücünə malikdir, korpusu isə erqonomikdir. “Zentra S4” modeli polad ucluqla təmin edildiyi üçün daha təhlükəsiz hesab olunur. “Zentra S5”də isə təhlükəsizlik daha ön plandadır. Bu botların orta altlığı poladdan hazırlanıb ki, bu da ayaqqıbıları daha uzun müddət istifadə etməyə imkan verir.

Bəzi xüsusiyyətləri oxşar olsa da, 04 modeli suya və yağlara qarşı davamlı teksturası ilə diqqət çəkir. S4 modelində isə polad ucluq daha çox müdafiə təmin edir. O ki qaldı S5 modelinə, bu çəkmələr də deşilməyə qarşı polad orta altlıq ilə satışa təqdim edilir.

 

© vergiler.az