BİZNES

10 Yanvar

Azərbaycan Bolqarıstana qaz tədarükünü dayandırıb

Finss.az - 7 yanvar 2025-ci ildən etibarən Azərbaycandan Bolqarıstana təbii qaz tədarükləri texniki səbəblərə görə müvəqqəti dayandırılıb.

Bu barədə "Bulqarqaz" məlumat yayıb. Şirkət bildirib ki, tədarüklərin 11 yanvar 2025-ci ildə bərpa olunması gözlənilir.

"Texniki dayandırma barədə bildiriş 6 yanvar 2025-ci ildə Azərbaycan tədarükçüsündən alınıb", - deyə şirkətdən məlumat verilib.

Baş vermiş vəziyyətə baxmayaraq, "Bulqarqaz" türk şirkəti BOTAŞ ilə razılaşma əsasında qazın əvəzləyici həcmlərini sürətlə təmin edib.

"Bu, əlavə xərcin qarşısını alaraq, regionda təbii qaz bazarında sabitliyi qorumağa imkan verib", - deyə şirkət əlavə edib.

Trend Azərbaycan tərəfinə və Yunanıstan-Bolqarıstan inteqrasiyasının operatoruna müraciət edib, lakin materialın dərc edildiyi vaxta qədər cavab alınmayıb.

Qeyd edək ki, Azərbaycan qazı Bolqarıstana Yunanıstan-Bolqarıstan inteqrasiyası vasitəsilə tədarük olunur. Boru kəmərinin illik gücü 3 milyard kubmetr təşkil edir və bu həcm 5 milyard kubmetrə qədər artırıla bilər.