Finss.az - 2025-ci ildə Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin fəaliyyətə başlaması gözlənilir. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov mediatur zamanı məlumat verib.
Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılıb və işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişafı və əhalinin məşğulluğunun təmin edilməsini hədəfləyir. Parkda 29 rezident və 4 qeyri-rezident fəaliyyət göstərir, ümumi investisiya həcmi isə 271 milyon manata çatıb.
Hazırda parkda 9 müəssisə fəaliyyət göstərir. Onlar arasında divar kağızlarının, metal məmulatlarının, elektrik avadanlıqlarının və digər məhsulların istehsalı var. Bu məhsullar daxili bazarda satılmaqla yanaşı, tikinti işlərində istifadə edilir və bəzi məhsullar artıq ixrac olunur. Divar kağızlarının Gürcüstana ixracı buna misaldır, gələcəkdə MDB, Türkiyə və Avropa ölkələrinə də ixrac planlaşdırılır.
Rezidentlər dövlətin təqdim etdiyi güzəştlərdən istifadə edir, o cümlədən 10 il müddətinə vergilərdən azad edilir və gömrük rüsumlarında güzəştlər əldə edirlər. Ağdam Sənaye Parkı qısa müddət ərzində Sumqayıt Kimya Sənaye Parkından sonra ölkənin ən böyük sənaye zonası hesab edilir.