BİZNES

09 Yanvar

Rahat Market-ə protokol tərtib edilib

Finss.az - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, “ANC Group” MMC (Rahat Market) marketlər şəbəkəsinin qida məhsullarını üzərində göstərilmiş qiymətindən baha satması ilə əlaqədar olaraq protokol tərtib edib.

Banker.az-ın məlumatına görə, Dövlət Xidməti, 2024-cü ilin yanvar-dekabr ayları ərzində tərtib edilən inzibati xəta protokollarında, şirkətin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 13-cü maddəsinin 1-ci bəndini pozduğunu açıqlayıb. Bu pozuntuya əsasən, marketlər şəbəkəsi, malın qiymətini istehlakçılara düzgün şəkildə bildirməyərək, aldanmalarına səbəb olub.

Marketlər şəbəkəsi ilə bağlı ötən il iki dəfə eyni maddə ilə iş qaldırılıb. 13 fevral və 4 dekabr 2024-cü il tarixlərində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə “ANC Group” MMC-yə inzibati protokol tərtib edilib. Bu maddəyə görə, mal satan və ya xidmət göstərən şəxslər, istehlakçıların az miqdarda aldadılması nəticəsində cərimə edilirlər. Hüquqi şəxslər üçün cərimə məbləği 4 min manatdan 6 min manata qədərdir.

Qeyd edək ki, “ANC Group” MMC-nin nizamnamə kapitalı 7 083 000 manatdır. Şirkətin direktoru Samir Abdullayev Rafiq oğludur və nizamnamə kapitalının 10 faizi Babakişiyev Cəlal Rasim oğluna, 90 faizi isə “ABDA Retail İnvestment Holding LTD”yə məxsusdur.