Finss.az - Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, "Araz Supermarket" MMC-nin qida məhsullarını üzərində göstərilmiş qiymətindən baha satdığı üçün barəsində inzibati protokol tərtib edib.
Ümumilikdə, bu marketlər şəbəkəsi ilə bağlı ötən il 5 dəfə eyni pozuntu maddəsi ilə iş açılıb.
Dövlət Xidməti tərəfindən təqdim edilən məlumatda bildirilir ki, "Araz Supermarket" MMC 2024-cü ilin yanvar-dekabr ayları ərzində istehlakçı hüquqlarının müdafiəsi sahəsində "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 13-cü maddəsinin 1-ci bəndini pozmuşdur. Məlumatda qeyd olunub ki, şirkət barəsində 4 dekabr 2024-cü il tarixində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə protokol tərtib olunub. Bu maddəyə əsasən, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən istehlakçılara az miqdarda aldadılma halı müəyyən edildikdə, hüquqi şəxslər 4 min manatdan 6 min manata qədər cərimə edilə bilər.
Qeyd edək ki, "Araz Supermarket" MMC-nin nizamnamə kapitalı 7 055 020 manatdır və qanuni təmsilçisi Rəşad İbrahimovdur. Şirkət, "Veysəloğlu" şirkətlər qrupuna daxildir.