Finss.az - 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın çay idxalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 3.3% artaraq 12,893.4 ton, dəyər baxımından isə 4.5% artaraq 67 milyon 715.5 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, çay ixracı da artıb. Bu dövrdə ixracın həcmi 4.5% artaraq 679.4 ton, dəyəri isə 1.6% artaraq 5 milyon 998.4 min ABŞ dolları təşkil edib.
İdxal və ixrac arasındakı fərq diqqət çəkicidir. Belə ki, Azərbaycanın çay idxalı ixracını 19 dəfə üstələyib. Çayın bir kiloqramının orta idxal qiyməti 8.9 manat, orta ixrac qiyməti isə 15 manat olub.
Ötən ilin yanvar-noyabr aylarında ölkə ərazisində çay istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8.9% artaraq 11,528 ton olub. Çay istehsalı ilə bağlı artım müşahidə edilsə də, idxal həcmi ixracı xeyli üstələyib.
Hesabat dövrü ərzində çay ixracı Azərbaycanın ümumi ixracının yalnız 0,02%-ni, çay idxalı isə ümumi idxalın 0.36%-ni təşkil edib.