BİZNES

08 Yanvar

İKTA-nın elan etdiyi yazı müsabiqəsinə 56 nəfər qeydiyyatdan keçib

Finss.az - Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən elan edilmiş “Rəqəmsal dövrdə internet xidmətlərinin tənzimlənməsi” yazı müsabiqəsinə qeydiyyat mərhələsi başa çatıb.

2024-cü il 23-30 dekabrda keçirilən qeydiyyat mərhələsində ümumilikdə 56 iştirakçının müraciəti uğurla tamamlanıb.

Qeydiyyatdan keçən iştirakçıların mövzular üzrə məlumatlılığının daha da artırılması məqsədilə növbəti həftə ərzində İKTA mütəxəssisləri tərəfindən təlim xarakterli görüşlər keçiriləcək.

Müsabiqəyə yazıların təqdim edilməsi üçün son tarix 2025-ci il yanvarın 31-i müəyyən edilib. Belə ki, iştirakçılar qeyd edilən tarixə qədər müsabiqə üçün yaradılmış müvafiq linkə daxil olaraq yazılarını sistemə yükləyə bilərlər.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd ölkəmizdə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin mövcud statusu barədə media nümayəndələrinin, ekspertlərin, eləcə də geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsidir.

Qeydiyyatdan keçən iştirakçılar “Telekommunikasiya sahəsində tənzimləyici çərçivə və informasiya təhlükəsizliyi məsələləri”, “İnternet telekommunikasiya infrastrukturundan istifadə imkanları, məlumatların əlçatanlığı və şəffaflığı” və “İnternetin xidmət keyfiyyətini müəyyən edən göstəricilər, sahə üzrə elektron xidmətlərin əlçatanlığı” mövzularından birini seçərək yazı hazırlamalıdırlar.

Təqdim ediləcək yazıların hazırlanması zamanı iddiaçılar “İnternet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili”ndən yararlana bilərlər.

Eyni zamanda müsabiqə iştirakçılarına dəstək üçün növbəti həftə (14-15 yanvar) seminarların keçirilməsi nəzərdə tutulur. Seminarda müsabiqə mövzuları ətrafında iştirakçıların sualları cavablandırılacaq və metodiki yardım göstəriləcək. Məqsəd predmet üzrə araşdırmaların düzgün istiqamətdə aparılmasına dəstək olmaqdır.

Müsabiqə şərtləri ilə burada tanış olmaq mümkündür.

Xatırladaq ki, müsabiqəyə təqdim edilən yazılar İKTA əməkdaşları və müstəqil ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qalibləri İKTA tərəfindən təqdim ediləcək mükafat və qiymətli hədiyyələr gözləyir.