BİZNES

16 Dekabr

Mədəniyyət sahəsinə əlavə güzəştlər edilir: Nələr dəyişəcək?

Finss.az, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, 2024-cü ildən Azərbaycanda teatr, kino, muzey və simfonik orkestr fəaliyyəti üzrə geniş vergi güzəştləri tətbiq ediləcək.

Hazırkı məcəlləyə əsasən, Azərbaycanda qeydiyyatdan keçən və film istehsalı və dublyajı ilə məşğul olan kinomatoqrafiya müəssisələrinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-i 2024-cü il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilib. Yeni təkliflərə əsasən, güzəştin həcminin 75%-dən 90%-ə, müddətinin isə 3 ildən 5 ilə artırılması, güzəşt verilən subyektlərin sayının 2-dən 6-dək artırılması və bu siyahıya teatr, muzey, simfonik orkestr, eləcə də film prodüseri fəaliyyəti ilə məşğul olan şəxslərin daxil edilməsi nəzərdə tutulur.

Bundan əlavə, film istehsalı və dublyaj fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və film prodüserlərinin bu sahədən əldə etdikləri gəlirlərin 90%-i 5 il müddətinə gəlir vergisindən azad ediləcək. Eyni zamanda, bu fəaliyyətlərin həyata keçirildiyi obyektlərin yerləşdiyi torpaqlar 5 il müddətinə torpaq vergisindən azad ediləcək.

Teatr, muzey, simfonik orkestr, film istehsalı, yayımı və dublyajı sahələrinə aid qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə və ya bu hüquqların verilməsindən əldə edilən royalti gəlirləri 5 il müddətinə 14% dərəcə ilə ödəmə mənbəyində vergidən azad ediləcək.

Bundan başqa, təklif olunan dəyişikliklərə əsasən, teatr tamaşaları, film nümayişi, muzey ziyarətləri və simfonik orkestr konsertləri sahəsində göstərilən xidmətlər üçün fiziki şəxslərin nağdsız ödədikləri ƏDV-nin 50%-i həmin şəxslərə geri qaytarılacaq.

Bu dəyişikliklərin məqsədi mədəniyyət sektorunun inkişafı, əlavə investisiyaların cəlb edilməsi və bu sahədə fəaliyyətin şəffaflaşdırılmasına nail olmaqdır.