Noyabrın 11-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işinə başlayıb. Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Şurasının prezidenti Salvatore Şikitanonun başçılıq etdiyi nümayəndə heyəti COP29-un işində iştirak edir.
ICAO Baş katibinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında elçisi Ceyn Hyupinin moderatorluq etdiyi “BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək olaraq beynəlxalq aviasiya üçün təmiz enerji keçidinin həyata keçirilməsi” sessiyasında beynəlxalq mülki aviasiyanın iqlim dəyişikliyinə təsirinin aradan qaldırılmasında ICAO-nun əldə etdiyi son nailiyyətlər təqdim edilib.
Fins.az xəbər verir ki, tədbirdə, o cümlədən 2050-ci ilə qədər “Xalis Sıfır” karbon emissiyası səviyyəsinə nail olunması Uzunmüddətli Qlobal Ambisiya Məqsədi (LTAG) çərçivəsində dayanıqlı aviasiya yanacağı (SAF), aşağı karbonlu aviasiya yanacağı (LCAF) və aviasiya enerjisinin digər təmiz formalarına keçid üzrə görülən işlər, planlaşdırılan tədbirlər haqqında məlumat verilib.
Sessiyada aviasiya sahəsinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün maraqlı tərəflərə təmiz enerjinin tətbiqində və aviasiyanın gələcəyi üçün potensialın yaradılmasında qüvvələri birləşdirməyə bir daha çağırış edilib.
Tədbir zamanı Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov öz çıxışında dövlətimizin iqtisadi siyasətinin ekoloji prioritetləri barədə məlumat verib, aviasiya sahəsində ICAO ilə uzunmüddətli effektiv əməkdaşlığın təqdirəlayiqliyini xüsusilə vurğulayıb.
Tədbirin sonunda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi (DMAA) ilə ICAO arasında dayanıqlı aviasiya yanacağı sahəsinə dəstək, potensialın artırılması və təlimlərin təmini üzrə “ACT-SAF” tərəfdaşlıq sənədi imzalanıb.
Sənədi DMAA-nın direktor müavini Nazim Ziyadov və ICAO-nun Baş katibi adından Avropa və Şimali Atlantika Ofisinin direktoru Nikolas Rallo imzalayıb.
“ACT-SAF” tərəfdaşlığı ölkəmizin istilik effekti yaradan qazların emissiyalarının azaldılması üzrə hədəflərə nail olunmasında mühüm dəstək olacaq və ekoloji inkişaf potensialının artırılması, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqində müsbət rol oynayacaq.
Kaira Agayeva
Finss.az