Bakıda dələduzluqda ittiham edilən iş adamı saxlanılıb.
Finss xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) keçirdiyi tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq etmiş Samir Umudov tutulub.
Müəyyən edilib ki, həmin şəxs özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək müxtəlif vaxtlarda mənzillərini təmir edəcəyi adı ilə zərərçəkənləri aldadaraq pullarını ələ keçirib. Bu müddət ərzində S.Umudov həmin şəxslərdən ümumilikdə 317 min manatdan artıq pul alıb. Buna baxmayaraq, o, vəd etdiyi kimi mənzillərdə təmir və tikinti işləri həyata keçirməyib.
Həmçinin S.Umudov zərərçəkənlərdən birinin etibarından sui-istifadə edərək onun mənzilini banklardan birinə girov qoyaraq maddi vəsaiti ələ keçirib.
Faktlarla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. S.Umudov təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun digər şəxslərə qarşı analoji cinayətlər etməsi istisna edilmir. S.Umudovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Xətai RPİ-yə, "102" Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və ya nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
Qeyd edək ki, sosial şəbəkələrdə müxtəlif şəxslər özünü "ST Group" şirkətinin rəhbəri kimi təqdim edən Samir Umudov barəsində şikayətlər paylaşıblar.