İndiyədək sahibkarlar tərəfindən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına 118 milyon manatdan çox investisiya yatırılıb, 500-ə yaxın daimi iş yeri yaradılıb.
Finss İqtisadi Zonaların İnkişafı Agentliyindən verilən məlumata əsasən, xəbər verir ki, bu iki sənaye parkında 41 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 46 sahibkarlıq subyekti tərəfindən sənaye parklarına 390 milyon manatdan artıq investisiyanın yatırılması, 4000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Artıq Ağdam Sənaye Parkında 9 müəssisə, “Araz Vadisi İqtisadi Zonası” sənaye parkında isə 1 müəssisə fəaliyyətə başlayıb. Bu müəssisələrdə elektrik paylayıcı avadanlıqlar, elektrik yuvaları və beton yarımstansiyalar, dam və fasad örtükləri, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatları, divar kağızları, müxtəlif növ ayaqqabılar, avtomatlaşdırma və telemexanika sistemləri, beton istehsalı həyata keçirilir, kənd təsərrüfatı texnikalarına və ağır yük maşınlarına texniki servis xidməti göstərilir. Bu müəssisələrdə istehsal olunan məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində istifadə edilir, daxili bazarda satışa çıxarılır. Bəzi rezidentlər isə istehsal etdikləri məhsulların ixracı ilə bağlı müxtəlif ölkələrlə danışıqlar aparır.
Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında növbəti ildə də bəzi müəssisələrin fəaliyyətə başlaması hədəflənir. Söhbət dekorativ daşlar, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsullar, sement, minatəmizləyən avadanlıqlar, tütün məmulatları, sintetik xalçalar, metal profillər, eləcə də anbar stellajları, inşaat materialları və s. istehsalı üzrə fəaliyyət göstərəcək sənaye müəssisələrindən gedir.