Avqustun 20-də Azərbaycan-Türkiyə İş adamları Birliyi "Qlobal İqlim Dəyişmələrinin Biznes Çağırışları" mövzusunda müzakirələr keçirib.
Finss.az xəbər verir ki, Hyatt Regency hotelində keçirilən tədbir Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının 11-22 noyabr 2024-cü il tarixlərində Bakı şəhərində keçiriləcək 29-cu sessiyası (COP29) və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “yaşıl” hədəflərin təşviqinə həsr olunub.
Tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Doç. Dr. Cahit Bağcı, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) İdarə heyəti sədrinin müşaviri Elnur Əliyev, COP29 Əməliyyat Şirkətinin nümayəndəsi Kənan Hüseynov, Milli Məclisin VI çağırış deputatı Jalə Əliyeva, TƏBİB tabeliyində Yeni Klinikanın direktoru Barat Yusubov, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə heyətinin sədri Nigar Ələsgərova, “Caspian Energy Club”-un sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev, “Birikim” Mühəndislik Ekologiya Turizm MMC-in Təsisçisi və Texniki meneceri Mete Bülbül və ATİB üzvü şirkətlərin nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Azərbaycan-Türkiyə İş adamları Birliyi İdarə heyətinin sədri Mürsəl Rüstəmov iqlim dəyişmələri və onların fəsadlarının son illər bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən problemlərdən olduğunu vurğulayaraq problemin həllində aparıcı rolun məhz biznes sektorunun üzərinə düşdüyünü qeyd edib.
Qlobal istiləşmələrin hər il dünyanın bir çox bölgəsində müxtəlif təbii fəlakətlərə, o cümlədən yanğınlara səbəb olduğunu qeyd edən Səfir Doç. Dr. Cahit Bağcı bu fəlakətlərin Türkiyədən də yan keçmədiyindən, son illərdə ölkənin bir neçə bölgəsində genişmiqyaslı meşə yanğınlarının baş verdiyindən bəhs edib, iqlim dəyişmələrinin fəsadları ilə mübarizənin əhəmiyyətini vurğulayıb.
COP29 Əməliyyat Şirkətinin nümayəndəsi Kənan Hüseynov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçiriləcək 29-cu sessiyasının təşkili ilə bağlı həyata keçirilmiş fəaliyyətlər haqqında məlumat verib.
Ölkə başçısının “yaşıl iqtisadiyyat” sahəsində siyasətinin həyata keçirilməsi ilə bağlı görülmüş işlər barədə məlumat verən KOBİA İdarə heyəti sədrinin müşaviri Elnur Əliyev bizneslərin “yaşıl” hədəflərə nail olunmasında dəstəklənməsinin önəmini qeyd edib.
Millət vəkili Jalə Əhmədova çıxışında Milli Məclisin COP29 çərçivəsində Parlament Konfransının təşkili ilə bağlı gördüyü işlər barədə danışıb.
Yeni Klinikanın direktoru Barat Yusubov qlobal iqlim dəyişmələrinin insan sağlamlığına zərərli təsirlərindən bəhs edib, həmçinin COP29 sessiyasının keçirilməsi zamanı ixtisaslı tibbi xidmət göstərilməsinin rəhbərlik etdiyi müəssisəyə həvalə edildiyini bildirib.
KOBSKA İdarə heyətinin sədri Nigar Ələsgərova və “Caspian Energy Club”-un sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev sahibkarların iqlim dəyişmələrinin fəsadları və onunla mübarizə haqqında maarifləndirilməsinin önəmindən bəhs ediblər.
Qlobal iqlim dəyişmələri ilə mübarizənin bizneslər qarşısında qoyduğu tələblər haqqında təqdimatla çıxış edən Mete Bülbül COP29 sessiyasından sonra bu tələblərin daha aktual və məcburedici xarakter daşıyacağını vurğulayıb.
Daha sonra ATİB üzvü sahibkarların fəaliyyətlərində ətraf mühitin mühafizəsi sahəsindəki səyləri barədə çıxışları dinlənilib. İlk olaraq sözü ATİB İdarə heyəti sədrinin müavini, “Azerbaijan Coca-Cola Bottlers” MMC-in baş direktoru Rəna Məmmədova çıxışında rəhbərlik etdiyi şirkətin enerji istehlakının və tullantıların azaldılması, ekoloji tarazlığı pozmayan istehsal proseslərinin tətbiqi və s. sahələrdə fəaliyyətindən danışıb. “Norm Otomosyon” şirkətinin ölkə üzrə direktoru Erdem Ercin şirkətin alternativ enerji mənbələrinə keçidlə bağlı həyata keçirdiyi layihələr barədə məlumat verib.
Sonda Azərbaycan-Türkiyə İş Adamları Birliyinə yeni qoşulmuş üzvlərə Üzvlük plaketləri təqdim edilib və onların fəaliyyətləri haqqında təqdimatları dinlənilib.