Rusiya hökuməti "Ulyanovsk – Bakı – Astara (İran)" marşrutu üzrə birbaşa yük blok qatarının fəaliyyətini təsdiqləyib.
Finss.az xəbər verir ki, bu məlumatı Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix açıqlayıb.
Qubernator Russkix bildirib ki, "Rusiya Dəmir Yolları" tərəfindən təsdiqlənmiş bu yeni marşrut, "Orta Volqa - Xəzər dənizi - Fars körfəzi" logistika layihəsinin qərb dəmir yolu dəhlizini əhatə edir. Bu marşrut vasitəsilə ixrac qatarları ilə aqrar-sənaye məhsulları və ağac emalı məhsullarının göndərilməsi nəzərdə tutulub.
Russkix qeyd edib ki, bu layihə, Bakıya səfəri zamanı Azərbaycanın Baş Naziri Əli Əsədovla əldə edilən razılaşmaların nəticəsidir. Layihənin uğurlu icrası, həmçinin Rusiyanın Bakıdakı səfirliyi, Ticarət Nümayəndəliyi və Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə hər iki ölkənin dəmir yolu idarələrinin birgə fəaliyyətinin nəticəsidir.
Bundan əlavə, qubernator vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin yaxın zamanda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişafı məsələsini müzakirə ediblər. Dəhlizin dəmir yolu hissəsinin modernləşdirilməsi nəticəsində yüklərin daşınma həcmi 15 milyon tondan 30 milyon tona çatdırılacaq. Bu razılaşma, Ulyanovsk vilayətinin təşəbbüskarı olduğu və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan "Orta Volqa - Xəzər dənizi - Fars körfəzi" yeni ticarət və logistika marşrutunun inkişafı üçün böyük perspektivlər açır.
Fuad Mədətov
Finss.az