Məlum olduğu kimi, cari ilin əvvəlində Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi ilə bağlı müddəalar vergi qanunvericiliyinə əlavə edilib. Belə ki, Vergi Məcəlləsinin 16.1.11-14-cü maddəsinə əsasən təsərrüfat əməliyyatları aparılan zaman malları (işləri, xidmətləri) ona təqdim edən vergi ödəyicilərinin işgüzar nüfuzunun, maliyyə vəziyyətinin, qanuni sahibliyində müvafiq malların mövcudluğunun, iş və xidmətlərin təqdim edilməsi üçün müvafiq işçi və digər resurslara, bilik və bacarığa malik olmasının yoxlanılması məqsədilə həmin vergi ödəyicilərindən müvafiq təsdiqedici sənədlər almaq vergi ödəyicilərinin vəzifələrinə aid edilib.
Finss.az xəbər verir ki, bu prosesin tənzimlənməsi məqsədilə Nazirlər Kabinetinin 30 iyul 2024-cü il tarixli 365 nömrəli Qərarı ilə “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları” təsdiqlənib. Qaydalar təsərrüfat əməliyyatları aparılan zaman vergi ödəyiciləri tərəfindən malları (işləri, xidmətləri) onlara təqdim edən digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsinə şərait yaradır.
Sahibkarlar digər vergi ödəyicisi barədə hansı məlumatları əldə edə bilərlər?
Qaydalara əsasən, vergi ödəyicisi barədə təqdim edilən məlumatlara aşağıdakılar aiddir:
- qeydiyyat tarixi;
- uçotda olduğu vergi orqanı;
- hüquqi şəxslərə münasibətdə qanuni təmsilçisi;
- əgər mövcuddursa, əvvəlki VÖEN-i;
- təsərrüfat subyektləri (obyektləri) barədə məlumat (təsərrüfat subyektlərinin (obyektlərin) adı, aktivlik statusu, sahəsi və uçot kodu);
- qeydiyyat tarixi və uçotda olduğu vergi orqanı göstərilməklə Azərbaycan Respublikasında yerləşən filial və nümayəndəlikləri;
- riskli vergi ödəyicisi olub-olmaması;
- vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları üzrə vaxtı keçmiş öhdəlikləri, o cümlədən faizlər və maliyyə sanksiyaları üzrə borclar;
- əsas və əlavə fəaliyyət növləri;
- hüquqi şəxslərə münasibətdə qeydiyyatdan keçmiş nizamnamə kapitalı;
- təqdim edilmiş bəyannamə məlumatlarına əsasən dövriyyə məlumatları (3 ildən çox olmayaraq sorğu edilən dövr üzrə);
- təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əsas vəsaitlərin və aktivlərin dəyəri (3 ildən çox olmayaraq sorğu edilən dövr üzrə);
- son 24 ay üzrə həyata keçirilmiş idxal və ixrac əməliyyatlarının dəyəri;
- cari tarixə muzdlu işçilərin sayı və bəyan edilmiş orta aylıq əməkhaqqı məbləği;
- barəsində Dövlət Vergi Xidməti tərəfindən başlanılmış və ya həmin Xidmət tərəfindən ibtidai istintaqı aparılan cinayət işinin mövcud olub-olmaması;
- 3 ildən çox olmayaraq sorğu edilən dövr üzrə əldə edilmiş mallara dair məlumatlar (təqdim edilmə tarixi, malın adı, kodu, miqdarı, dəyəri).
Qaydaların tələbinə əsasən məlumat əldə etmək istəyən vergi ödəyicisi Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində yerləşən elektron kabineti vasitəsilə barəsində məlumatlar açıqlanan vergi ödəyicisinə sorğu göndərir. Sorğunu məlumatları açıqlanan vergi ödəyicisi 2 (iki) iş günü müddətində gücləndirilmiş elektron imzası ilə təsdiq etməlidir.
Vergi (kommersiya) sirrini təşkil edən məlumatlar qorunmalıdır
Sorğu edən vergi ödəyicisinə vergi (kommersiya) sirrini təşkil edən məlumatlar yalnız barəsində informasiya açıqlanan vergi ödəyicisi tərəfindən təsdiq olunduğu halda təqdim edilir. Vergi (kommersiya) sirrini təşkil edən məlumatlara təsərrüfat subyektlərinin (obyektlərin) adı, aktivlik statusu, sahəsi, qeydiyyat tarixi, vergi ödəyicisinin uçotda olduğu vergi orqanı göstərilməklə Azərbaycan Respublikasında yerləşən filial və nümayəndəlikləri, vergi ödəyicisinin əsas və əlavə fəaliyyət növləri, təqdim edilmiş bəyannamə məlumatlarına əsasən əsas vəsaitlərin və aktivlərin dəyəri (3 ildən çox olmayaraq sorğu edilən dövr üzrə), son 24 ay üzrə həyata keçirilmiş idxal və ixrac əməliyyatlarının dəyəri, cari tarixə muzdlu işçilərin sayı və bəyan edilmiş orta aylıq əməkhaqqı məbləği, (3 ildən çox olmayaraq sorğu edilən dövr üzrə) əldə edilmiş mallara dair informasiya (təqdim edilmə tarixi, malın adı, kodu, miqdarı, dəyəri) kimi məlumatlar daxildir. Məlumatları açıqlanan vergi ödəyicisi tərəfindən bu Qaydalarda nəzərdə tutulan məlumatlardan birinin və ya bir neçəsinin açıqlanmasına razılıq verilə bilər.
3 (üç) iş günü müddətində məlumatları açıqlanan vergi ödəyicisi tərəfindən təsdiqlənmədiyi halda həmin sorğu ləğv olunur.
Qaydalarda nəzərdə tutulmuş məlumatları açıqlanan vergi ödəyicilərinin vergi orqanında olan kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatlarını sorğu edən vergi ödəyicisi bu məlumatların üçüncü şəxslərə ötürülməsinə görə Vergi Məcəlləsinin 30.5-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Zemfira Ms
Finss.az