ABŞ-ın Ədliyyə Nazirliyi, Google-in axtarış sistemləri və internet reklam bazarında monopolist statusu qazandığını tanıdıqdan sonra, şirkətin bölünməsi məsələsini müzakirə edir. Finss.az Bloomberg-in məlumatına əsasən, xəbər verir ki, Google-in Android əməliyyat sistemi və Chrome brauzerinin inkişafı ilə məşğul olan bölmələri ayrılmalıdır.
Əgər bu plan həyata keçsə, Google həmçinin daha çox məlumat paylaşmağa və Google AdWords reklam sistemini satmağa məcbur ola bilər. Müzakirələr, 5 avqust tarixli məhkəmə qərarından sonra sürətlənib. Google bu qərarı apellyasiya şikayəti ilə mübahisələndirmək niyyətində olduğunu açıqlayıb.
Hakim Amit Mehta, ikinci mərhələnin planlaşdırılmasını tapşırıb. Bu mərhələ hökumətin rəqabəti bərpa etmək üçün irəlilədiyi təklifləri əhatə edəcək. Təklif olunan plan məhkəmənin təsdiqini tələb edəcək və Google bu qərara tabe olmalıdır. Əgər baş tutarsa, Google 1980-ci illərdən bəri ABŞ-da bölünmüş ən iri şirkət ola bilər.
Vüqar Bağırov tərəfindən hazırlanıb