BİZNES

13 Avqust

"AzInTelecom" tərəfindən 23 minə yaxın IMEI koda "klon" statusu verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Azərbaycana gətirilən mobil cihazların qanunsuz yollarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirlərini davam etdirir. Mütəmadi monitorinqlər nəticəsində surəti köçürülmüş IMEI kodlar aşkarlanaraq onlara “klon” statusu verilir. “Klonlaşdırılmış” IMEI kodlarla istifadə olunan cihazlara məhdudiyyət tətbiq olunur.

Finss.az xəbər verir ki, mübarizə tədbirləri çərçivəsində bu günədək 22 935 IMEI koda “klon” statusu verilərək bloklanıb. Həmin IMEI kodlar bloklanmamışdan əvvəlki 3 ayda 1 558 527 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bloklanmış IMEI kodlarla bu günədək 1 097 702  dəfə şəbəkəyə qoşulma cəhdinə “AzInTelecom”un Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) tərəfindən imtina cavabı verilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”na əsasən, xaricdən gətirilən mobil cihazlar Azərbaycan telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində dövlət rüsumu ödənilməklə qeydiyyatdan keçirilməlidir. Təəssüf ki, bəzi hallarda qeydiyyat rüsumunu ödəmək istəməyən şəxslər (və ya sahibkarlar) daha əvvəl qeydiyyatdan keçirilmiş cihazların IMEI kodlarının surətini yenilərinə köçürərək onların satışını həyata keçirirlər. Alıcı isə bu prosesdən məlumatsız olduğu üçün sonradan cihaza tətbiq olunan məhdudiyyətlə üzləşir.

Bu cür hallarla qarşılaşmamaq üçün mobil cihaz alarkən mütləq IMEI kodunun orjinallığını yoxlamaq tövsiyə olunur. Yoxlamanı “portal.rinn.az” saytında pulsuz həyata keçirmək mümkündür. Bunun üçün cihazın ekranında *#06# yığaraq çıxan kodu kopyalayıb saytda “IMEI yoxlama” hissəsinə yapışdırmaq və “yoxla” düyməsini sıxmaq kifayətdir.

Zemfira Ms

Finss.az